Bu gün Yunanıstanın baş naziri Türkiyəyə gəlir

post-img

Bu gün Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən məlumat verilib. Xəbəri “Anadolu” yayıb. 

Məlumata görə, səfər zamanı ikitərəfli ticarət dövriyyəsinin həcminin hazırkı 6 milyard dollardan 10 milyard dollara çatdırılması istiqamətində addımların müzakirəsi planlaşdırılır. Danışıqların gündəliyinə Qərbi Trakyadakı türk azlığının və Rodos, Kos və Salonikidəki etnik türklərin vəziyyəti ilə bağlı məsələlər də daxildir.

Bundan əlavə, martın 30-da tətbiq edilən Egey dənizindəki 10 yunan adasına daxil olan Türkiyə vətəndaşlarına vizaların verilməsinin sadələşdirilmiş proseduru ilə bağlı fikir mübadiləsi aparılacaq. Tərəflər bu prosesin davam etdirilməsi yollarını nəzərdən keçirəcəklər.İki ölkənin aparıcı sahibkarlarının yeni yaradılan “Birləşmiş İşgüzar Şura”nın himayəsi altında bir araya gəlməsi planlaşdırılır.

Danışıqların məqsədlərinə iqtisadiyyat, nəqliyyat, elm, texnologiya, kənd təsərrüfatı, turizm, səhiyyə daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planının icrasının davam etdirilməsi daxildir. Səfər zamanı həmçinin terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq məsələlərinin nəzərdən keçirilməsi planlaşdırılır.

Türkiyə tərəfi regional və beynəlxalq hadisələr, ilk növbədə İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini Afinaya çatdırmaq niyyətindədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü il dekabrın 7-də Yunanıstana səfəri zamanı müxtəlif sahələrdə imzalanan 15 sazişdən əlavə, Miçotakisin səfəri zamanı səhiyyə, fəlakətlərin idarə olunması və fövqəladə hallar sahələrində əməkdaşlıq memorandumlarının imzalanması gözlənilir.

Türkiyə və Yunanıstan liderlərinin ikitərəfli münasibətlərdə müsbət dinamikanı əks etdirən birgə bəyanatla çıxış edəcəyi gözlənilir.

P.ƏMİRCANOV
XQ

Dünya