Gürcüstan Xarici İşlər Nazirliyi Fransaya kəskin cavab verib

post-img

Fransa Xarici İşlər Nazirliyinin Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etirazlar zamanı baş verənlərlə bağlı bəyanatında obyektivlik yoxdur və yalnız müxalifətlə əlaqəli olan və xaricdən maliyyələşən “zorakı qrupların” zorakılığını təşviq edir. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mayın 2-də Fransa Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində Gürcüstandakı vəziyyəti narahatlıqla izlədiyini və Fransanın "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsindən sonra etirazçılara qarşı zorakılığa görə təəssüfləndiyini yazıb. Rəsmi Paris, həmçinin qeyd edib ki, Gürcüstan öz xalqının istəklərinə uyğun olaraq Avropa İttifaqına yaxınlaşmaq üçün səylərini davam etdirməlidir.

Gürcüstan Xarici İşlər Nazirliyi Parisin "narahatlığına" belə cavab verib: “Gürcüstanda sərbəst toplaşmaq və ifadə azadlığı yüksək standartlara uyğun təmin olunub. Buna görə, polislə əlaqəli və xaricdən maliyyələşdirilən zorakı qrupların dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının binalarına qarşı geniş miqyaslı zorakılıq həyata keçirməsinə baxmayaraq, gürcü hüquq-mühafizə orqanları, bir neçə xoşagəlməz hadisədən başqa, yüksək insan hüquqları standartlarına uyğun hərəkət ediblər”.

Rəsmi Tbilisi bəyanatda qeyd edib ki, Fransanın Gürcüstandakı hadisələri diqqətlə izləməsini alqışlayır. Bununla yanaşı, Gürcüstan XİN Parisin mövqeyindən təəssüfləndiyini açıqlayıb: “Amma biz təəssüf edirik ki, sizin bəyanatınızda obyektivlik yoxdur... Qərəzli qiymətləndirmələr zorakılığı təşviq edir ki, bu da artıq qeyd olunduğu kimi, polislə əlaqəli və xaricdən maliyyələşən zorakı qruplar tərəfindən həyata keçirilir”.

Gürcüstan Xarici İşlər Nazirliyi Parisdəki nümayiş zamanı təhlükəsizlik qüvvələrinin qəddar hərəkətləri ilə bağlı heç bir şərh vermədiyini vurğulayıb. “Həmçinin xatırlatmaq istərdik ki, Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları ümumbəşəri insan hüquqları standartlarına tamamilə zidd olan qəddar üsullarla etirazçılarla üz-üzə gəldikdə belə, Gürcüstan hakimiyyəti Fransaya qarşı tənqidi bəyanatlar verməkdən çəkinirdi”.

S.ELAY

XQ

Dünya