ABŞ və Britaniya qüvvələri üsyançı "Ənsar Allah" hərəkatının husilərin nəzarətində olan Yəmənin Əl-Hodeydə əyalətinə yeni hücuma keçib.
TASS xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Es Salif sahil bölgəsindəki Ras İsa limanının ətrafı hücuma məruz qalıb. Telekanal bu hücumun hansı nəticələrə səbəb olduğunu açıqlamayıb.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra "Ənsar Allah" İsrail ərazisinə hücum etməklə, Fələstin anklavında əməliyyatlar dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyi ilə hədələyib. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində mülki gəmilərə hücum edir.
Aprelin 25-də onların lideri Abdel Malek əl-Husi bildirib ki, "Ənsar Allah" artıq ümumilikdə 102 gəmiyə hücum edib.
Husilərin hərəkətlərinə cavab olaraq, Amerika hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib. Yanvarın 12-dən Britaniya və ABŞ silahlı qüvvələri mütəmadi olaraq Yəmənin müxtəlif əyalətlərində üsyançıların hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
S.ELAY
XQ