Süni intellektin (AI) sistemli və davamlı inkişafı bütün bəşəriyyətin ölümünə səbəb ola bilər, lakin bu ehtimal 20 faizdən çox deyil. "Business Insider" xəbər verir ki, bunu “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, “xAI” startapının yaradıcısı İlon Mask deyib.
“Düşünürəm ki, süni intellektin, həqiqətən, bəşəriyyətin ölümünə səbəb olmaq ehtimalı var”, – Mask deyib. Los-Ancelesdə süni intellektlə bağlı konfransda çıxışı zamanı iş adamı alim və süni intellekt sahəsində əsas tədqiqatçılardan biri Cefri Hintonun qiymətləndirməsi ilə razılaşacağını bildirib: “Düşünürəm ki, onun bu ehtimalın, təxminən, 10 və ya 20 faiz və ya bu diapazonda bir şey olması ilə bağlı təxminləri ilə razılaşardım”.
2023-cü ilin iyul ayında Mask süni intellekt sahəsində layihələr üçün “xAI”nin yaradıldığını elan edib. “xAI”nin məqsədinin “kainatın əsl təbiətini anlamaq” olduğu bildirilir.
Eyni zamanda, milyarder süni intellektin inkişafına nəzarət edə bilməməsi səbəbindən onun təhlükələrini, o cümlədən bəşəriyyətin ölüm və ya əsarət altına düşmə riskini dəfələrlə bəyan edib.
S.FİDAN
XQ

