Amma yeni qanun müsəlmanlara şamil olunmayacaq
Hindistanda vətəndaşlıq haqqında qanuna beş il əvvəl qəbul edilmiş düzəlişlər qüvvəyə minib. Bu o deməkdir ki, əvvəllər Pakistan, Banqladeş, Əfqanıstanda yaşamış dini azlıqlar - hindular, siqhlər, caynlar, buddistlər və xristianlar asanlıqla Hindistan vətəndaşlığını ala bilərlər. Problem ondadır ki, 2019-2020-ci illərdə müsəlmanlar bu qanunu ayrı-seçkilik hesab edirdilər və bu, ölümlə nəticələnən icmalararası toqquşmalara səbəb olurdu. Belə hadisələrin qarşısını almaq üçün Dehlidə və çox sayda müsəlmanın yaşadığı digər şəhərlərdə polis küçələrdə əlavə patrul dəstələri yerləşdirib.
“Reuters” yazır ki, qanun müsəlmanların çoxluq təşkil etdiyi Cənubi Asiya ölkələrindən 2015-ci ilin əvvəlindən əvvəl dini təqiblərdən Hindistana gələn dini icmaların nümayəndələrinə Hindistan vətəndaşlığının verilməsini nəzərdə tutur. Hökumət yeni küçə döyüşlərinə səbəb ola biləcəyindən ehtiyat edərək qanunun icrasını gecikdirirdi. İnsan haqları və müsəlman fəallar qanunun ölkənin 200 milyonluq müsəlmanı üçün qeyri-bərabər mövqe yaradacağını deyirlər. Bəzi sərhəd əyalətlərində, məsələn, Assamda müsəlmanlar özləri heç bir sənəd olmadan Hindistana köçmüşdülər. İndi bu insanlar deportasiya oluna biləcəyindən qorxurlar. Hökumət kiminsə vətəndaşlığını əlindən almaq planlarını inkar edir və beş il əvvəlki etirazlarda təxribatçıların əli olduğunu vurğulayır. Daxili İşlər Nazirliyindən bildirilib ki, heç kim vətəndaşlıqdan məhrum edilməyəcək.
Bu qanunun qüvvəyə minməsinin aprel-may aylarında keçiriləcək parlament seçkiləri ilə bağlı olduğunu hökumətin özü də inkar etmir. Baş nazir Narendra Modinin sözçüsü hakim Bharatiya Janata Partiyasının (BJP) qanunun icrasını hələ 2019-cu ildə seçki manifestinə daxil etdiyinə diqqət çəkib. Əhali arasında aparılan sorğular N.Modinin parlament seçkilərində qalib gələcəyini göstərir. Əsas müxalifət partiyası olan Hindistan Milli Konqresi (INC) qanunun müsəlmanlarla hindular arasında, xüsusən də müsəlmanların yaşadığı Assam və Qərbi Benqal kimi əyalətlərdə gərginliyi daha da artıracağını bildirib. Bu ştatlarda əvvəllər də qanuna qarşı etirazlar keçirilib.
TASS-ın yazdığına görə, Qərbi Benqalın baş naziri Mamata Banerji bildirib ki, hakim BJP partiyası siyasi xal toplamaq üçün yenidən vətəndaşlıq qanununu qəbul edib: “Amma icazə verin açıq deyim - sağ olduğum müddətcə Benqalda buna (qanunun tətbiqinə -red.) icazə verməyəcəyəm”. Hindistan Kommunist Partiyasının rəhbərlik etdiyi cənub Kerala əyaləti də mübahisələrdən kənarda qalmayıb. Ştatın baş naziri Pinarayi Vijayan hökumətin məqsədinin icmalararası qarşıdurmanı artırmaq və konstitusiyanın dünyəvi mahiyyətini sarsıtmaq olduğunu bildirib.
S.ELAY
XQ