ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson və bir sıra komitələrin nümayəndələri Ukraynaya yardım üçün öz qanun layihəsini hazırlayırlar. Bu barədə mənbələr "NBC News"a bildiriblər. O, müsadirə edilmiş Rusiya vəsaitlərinin girov kimi istifadəsini və kreditlərin verilməsini nəzərdə tutur.
Telekanal iddia edir ki, plan ilkin mərhələdədir və tamamlanmaqdan çox uzaqdır. Konqresmenlər yardımı mümkün qədər tez qəbul etməyə hazırlaşırlar, çünki konqresdə planlaşdırılan fasilə səbəbindən qərarın qəbulunu aprel ayına qədər təxirə sala bilər.
Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol və senator Lindsey Qraham bildiriblər ki, qeyri-hərbi yardımın bir hissəsinin borc kimi qəbul edilməsi təklif edilir. Beləliklə, kreditlə iqtisadi yardım göstərilə bilər. Ehtimal olunur ki, sanksiyalar nəticəsində həbs edilən Rusiya aktivləri Ukraynaya kreditlər verilərkən girov kimi istifadə oluna bilər. Maykl Makkol Rusiya aktivlərindən istifadə ideyasını Nümayəndələr Palatasında "çox populyar" adlandırıb.
ABŞ Konqresində 2023-cü ilin oktyabrından Ukraynaya vəsait ayrılması ilə bağlı qanun layihəsi müzakirə edilir. Fevralın ortalarında Senat Ukrayna, İsrail və Tayvana 95 milyard dollardan çox yardım ayırmaq barədə ikipartiyalı təşəbbüsü təsdiqləyib. Sənəd respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir. Mayk Conson cənub sərhədinin təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görülmədən qanun layihəsini səsverməyə çıxarmaqdan imtina edib.
S.ELAY
XQ