Finlandiya: Rusiya nömrəli avtomobillər martın 16-dək ölkədən çıxarılmalıdır

post-img

Finlandiya hökuməti Rusiya dövlət nömrə nişanlı avtomobillərin martın 16-dək ölkədən çıxarılması barədə qərar qəbul edib. "Yle" ölkənin gömrük xidmətinin nəzarət departamentinin rəhbəri Sami Rakşitə istinadən yazır. Onun sözlərinə görə, martın 16-dan sonra ölkədə qalan avtomobillərin taleyi tam bəlli deyil.

Sami Rakşit qeyd edib ki, qalan avtomobillər texniki baxışdan keçməlidir. Xüsusilə, gömrükçülər bu nəqliyyat vasitələrinin ölkədə qalma müddətini müəyyənləşdirməli olacaqlar. Cənab Rakşit təfərrüatlı fəaliyyət planını təqdim etməyib, onun işlənmə mərhələsində olduğunu qeyd edib. 

STT agentliyi ilə söhbətində Sami Rakşit bildirib ki, Finlandiyada rus avtomobillərinin dəqiq sayı barədə məlumat yoxdur. O, həmçinin qeyd edib ki, “heç kim Rusiya nömrəli avtomobilləri təqib etməyəcək”.

2023-cü ilin sentyabrında Finlandiyada Rusiya dövlət nömrə nişanlı minik avtomobillərinin ölkəyə girişinə qadağa qüvvəyə minib. Sonradan Finlandiya hökuməti bildirib ki, artıq ölkədə olan rus avtomobilləri altı ay ərzində onun ərazisini tərk etməlidir, əks halda avtomobillər müsadirə oluna bilər.

2023-cü ilin noyabrında Finlandiya hakimiyyəti də Rusiya ilə sərhəddə keçid məntəqələrinin fəaliyyətini məhdudlaşdırmağa başlayıb. Onlar bunu qanunsuz miqrantların axını ilə izah ediblər. Finlandiya hökumətinin son qərarına əsasən, Rusiya ilə sərhəddəki bütün keçid məntəqələri aprelin 14-dək bağlı qalacaq. Fevralın sonunda Finlandiya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhədin açılması planının olmadığını açıqlayıb.

S.ELAY

XQ

Dünya