Cənubi Koreyada həkim-internlərin hökumətin siyasətinə etiraz əlaməti olaraq keçirdikləri tətil səbəbindən ölkə tarixində ilk dəfə olaraq səhiyyə sektorunda ciddi böhran yaranıb.
AZƏRTAC xəbər verir ki, həkim-internlərin təxminən 60 faizi dörd gündür tətil keçirir və bu, ölkədəki bəzi xəstəxanalarda əməliyyatların yarısının ləğv edilməsinə və ya təxirə salınmasına səbəb olub. Stajorlar hökumətin 2025-ci ildən universitetlərdə tibb təhsili üçün kvotanı 2 min yer artırmaq planına etiraz edirlər. Hazırkı limit bütün ölkə üçün 3058 yerdir. Səlahiyyətlilər kənd yerlərində və bəzi tibb ixtisasları üzrə kadr çatışmazlığına işarə edirlər. Həkimlər isə israr edirlər ki, onlarla məsləhətləşmə aparılmayıb, habelə kvotaların artırılması təhsil və xidmətlərin keyfiyyətinə xələl gətirəcək. Onların fikrincə, bu addım regionlar və ixtisaslar üzrə bərabərsizlik problemini də həll etməyəcək.
Buna cavab olaraq, hökumət bu gün bütün səhiyyə mərkəzlərində teletibb xidmətlərinin göstərilməsini məcburi hala gətirərək və daha çox müvəqqəti işçilərin işə götürülməsi üçün subsidiyaları aktivləşdirərək, işçi heyəti və resursları səfərbər etmək məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Səlahiyyətlilər dövlət xəstəxanalarında məsləhətləşmə saatlarını mümkün qədər uzadıb və ağır xəstələrin daşınmasını idarə etmək üçün dörd böhran idarəetmə mərkəzi yaradıblar. Bu, çərşənbə axşamı 12 hərbi xəstəxananın təcili yardım şöbələrinin geniş ictimaiyyət üçün açılmasından sonra baş verib.
Cənubi Koreya mətbuatı insanların on kilometrlərlə yol qət etməli və təcili yardım üçün saatlarla gözləməli olduğu hallar barədə xəbərlər dərc edir.
Ümumilikdə, Səhiyyə Nazirliyinin bu gün açıqladığı məlumatlara görə, stajor həkimlərin 8897-si və ya 44 faizi akademik məzuniyyət üçün müraciət edib, onlardan 7863-ü və ya 60 faizi faktiki olaraq iş yerlərini tərk edib.
Çərşənbə günü Cənubi Koreya hökuməti stajorlara işə qayıtmaq əmri verib və onları tətilə təhrik edənləri həbslə hədələyib. Sərəncamın pozulması üç ilə qədər həbs və lisenziyanın ləğvi ilə nəticələnə bilər. Aksiya ilə bağlı nazirliyə 150 şikayət daxil olub. Gənc mütəxəssislərin kütləvi şəkildə işdən getməsi səhiyyə sektorunda mümkün vakuumla bağlı narahatlıqları artırır. Məlumatlara görə, Seulun ən böyük beş xəstəxanasında əməliyyat aparmaq imkanları 30-50 faiz azalıb.
Cənubi Koreya hökumətinin islahatları ölkəni getdikcə daha çox yaşlı vətəndaşlar üçün hazırlamağa yönəlib. Hökumətin proqnozlarına görə, 2050-ci ildə bu ölkənin vətəndaşlarının təxminən 44 faizi 65 yaşdan yuxarı insanlar olacaq.
Hökumətin hesablamalarına görə, kəskin tədbirlər görülməzsə, 2035-ci ilə qədər ölkənin ehtiyaclarını ödəmək üçün 15 min həkim çatışmazlığı yarana bilər. Lakin həkimlər layihənin əleyhinə çıxırlar, çünki onlar hesab edirlər ki, tibb universitetlərinə qəbul olunan tələbələrin sayının artırılması gələcək həkimlərin peşəkarlıq səviyyəsinin aşağı düşməsinə və tibbi xidmətin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.