“Politico” nəşri: Macarıstan Avropa İttifaqında səs hüququndan məhrum edilə bilər

post-img

Baş nazir Viktor Orbanın Ukraynaya 50 milyard avroluq yardım paketinə etirazını bildirəcəyi təqdirdə, Macarıstan Avropa İttifaqında səs hüququndan məhrum edilə bilər.

Bu barədə “Politico” nəşri yazır. Avropa İttifaqının nüfuzlu nəşrinin məlumatına görə, avropalı diplomatlar “Macarıstana uzun illər mülayim yanaşdıqdan sonra aydın şəkildə bildiriblər ki, əgər o, (red. - Budapeşt) Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Ukraynanın təhlükəsizliyini təhdid altında qoyursa, o halda “nüvə variantı” – Macarıstanın Aİ-də səsvermə prosesindən kənarlaşdırılması daha qeyri-adi olmayacaq.

Beş avropalı məmur və diplomat bəyan edib ki, Aİ-yə üzv olan digər ölkələr Budapeştə qarşı çıxış etməyə hazırdırlar. Bu isə birlik və həmrəyliyə arxayın olan liderlər üçün tarixi addım olardı.

“Əgər Orban fevral sammitində yenidən sazişə (büdcə və Ukrayna üçün 50 milyard avro haqqında) qarşı çıxarsa, Macarıstanın səs hüququndan məhrum edilməsi üçün 7-ci maddənin tətbiqi real varianta çevrilə bilər”, - deyə nəşr adını açıqlamayan Aİ diplomatlarından birinə istinadla yazır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Dünya