Yaxın Şərq: Qəzzanın ağır günləri

post-img

Bu il oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrail ərazisinə 11 istiqamətdə gözlənilməz hücumundan və bu zaman törətdikləri ağır zorakılıqlardan sonra tərəflər arasında silahlı qarşıdurmanın miqyası və intensivliyi, bir neçə günlük atəşkəsi istisna etməklə azalmır, əksinə, artmaqda davam edir. 

Dünya birliyinin israrlı çağırışlarına baxmayaraq, hələlik, müharibəni heç cür durdurmaq mümkün olmur.  Dünən İsrail aviasiyası yenidən Qəzza zolağındakı müxtəlif obyektlərə zərbələr endirib. Nəticədə onlarla insan ölüb və yaralanıb. Bir çox binaların dağıldığı barədə məlumatlar yayılıb. 

BBC agentliyi yazır ki, artıq bir neçə gündür ki, BMT-nin humanitar qrupunun rəhbəri Cemma Konnell Qəzza zolağındadır. O, vəziyyətlə yerində tanış olduqdan sonra məcburi köçkünlər üçün ciddi sığınacaq çatışmazlığının olduğunu deyib. 

C.Konnell həmçinin bildirib ki, Qəzzada hazırda on minlərlə qaçqın evlərini tərk edib və təhlükəsiz sığınacaq tapa bilmir. Onun sözlərinə görə, Qəzza zolağının cənubundakı Rəfah şəhərində nəqliyyat sıxlığı səbəbindən çoxlu sayda köçkün ailəsi sığınacaqsız qalıb. “Qəzzada yaşananlar əsl fəlakətdir”, – deyə BMT təmsilçisi vurğulayıb.

Dünən Fələstin Səhiyyə Nazirliyi öz “Teleqram” kanalında yayıb ki, HƏMAS-İsrail qarşıdurması başlanan andan bugünədək Qəzza zolağında ölənlərin sayı 20 min 674 nəfərə çatıb. Məlumata görə, daha 54 min 536 nəfər xəsarət alıb. İsrailin itkiləri isə 1400 nəfərə yaxındır. 

Ara-sıra münaqişə bölgəsindən ümidverici xəbərlər də yayılır. Belə ki, dünən İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində yerləşən Deyr-əl-Balah şəhərinin iki rayonunda döyüşlərin dayandırıldığını elan edib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Edri “X” hesabında məlumat verib. Bildirilib ki, Deyr-əl-Balah şəhərinin El-Bruk və Yaffo rayonlarında döyüş əməliyyatları humanitar məqsədlə dörd saatlıq dayandırılacaq.

Edrinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin Xan-Yunis bölgəsində döyüş əməliyyatları dinc sakinlərin Salah-əd-Din yolu ilə şəhərin şimal və şərq istiqamətlərində hərəkətinə mane olur. 

İsrail Müdafiə Qüvvələrinin mülki əhalinin Xan-Yunis rayonu qərbində yerləşən dolama marşrutla təhlükəsiz hərəkətini təmin edəcəyi qeyd olunub.

Misir rəsmiləri Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı təkliflərini İsrail hökumətinə təqdim ediblər. Lakin rəsmi Qahirənin analoji sənədi Fələstin Muxtariyyətinə hələ də təqdim etmədiyi bəlli olub.  

Fələstinli rəsmi “Ash-Sharq” nəşrinə açıqlamasında bildirib ki, ölkə rəhbərliyi Qəzza zolağında müharibəyə son qoymağa yönəlmiş istənilən ərəb ölkəsinin və beynəlxalq qurumların təkliflərini alqışlayır. 

Daha əvvəl məlumat verilmişdi ki, Misir HƏMAS yaraqlıları saxlanılan çox sayda girovun azad edilməsi müqalibində Qəzzada atəşkəsin nəzərdə tutulduğu nizamlama variantını təklif edib. 

Bu arada İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında münaqişəyə son qoymaq üçün 3 şərtini açıqlayıb. Bu, HƏMAS-ın məhv edilməsi, anklavın silahsızlaşdırılması və cəmiyyətin radikallaşdırılmasının qarşısının alınmasıdır. Bu barədə Baş nazir “The Wall Street Journal”da nəşr olunan məqaləsində yazıb.

Netanyahu bildirib ki, anklavı silahsızlaşdırmaq üçün Qəzza zolağı perimetri boyunca müvəqqəti təhlükəsizlik zonası və Misirlə sərhəddə yoxlama–keçid mexanizmi yaratmaq lazımdır. Onun fikrincə, bu, Qəzzaya silah qaçaqmalçılığının qarşısını alacaq.

Bu arada İsrail Baş nazirinin həyat yoldaşı Sara Roma Papası Fransiskdən Qəzza sektorunda saxlanılan girovların azad edilməsinə kömək göstərməsini istəyib.

İsrail Baş nazirinin ofisinin məlumatına görə, Sara Netanyahu Papadan heç bir şərt olmadan bütün girovların dərhal azad olunması üçün öz nüfuzundan istifadə etməsini, həmçinin onlara dərman çatdırılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə çağırış etməsini xahiş edib. Məktubda HƏMAS hərəkatının əlində əksəriyyəti yaralı və ya xəstə olan 129 girovun olduğu deyilir.

HƏMAS-İsrail müharibəsinin nə vaxt bitəcəyi bəlli deyil. Beynəlxalq qurumlar bu ağır silahlı qarşıdurmanın qarşısını almaq gücündə deyillər. Böyük dövlətlər isə bu istiqamətdə hələlik ciddi səylər ortaya qoymurlar. Arada əziyyət çəkənlər isə ağır zorakılıqlarla üzləşən sadə insanlardır. 

M.HACIXANLI 
XQ

 

Dünya