Tabloda əbədiləşmiş “Kartof yeyənlər”

post-img

Dünya şöhrətli holland rəssamı Vinsent Van Qoqun “Kartof yeyənlər” əsəri 1885-ci ildə ərsəyə gəlib.

Bu tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsinin təsvirini verib. Ailə üzvləri kasıb olduqları üçün əsas yeməkləri kartof idi. Rəssam tez-tez onlara qonaq gedərdi. Onun həmin dövrə aid bir çox etüd və rəsmlərində də bu ailə təsvir edilib.

Tablodakı personajların hər biri tənha və həyatdan təcrid olunmuş insanlardır. Onlar bir-birlərinə baxmırlar, ünsiyyət qurmaqdan qaçırlar. Təcrid olunsalar da, onları bir şey birləşdirə bilir. Bu, lampa və onun ətrafa saçdığı işıqdır. Həmin lampa, sanki, onlara təsəlli verir.

Rəssam kəndli ailəsinin çətiniklərə, zəhmətə qatlaşdığını obrazların əllərinin qaba olması ilə göstərib.  

Van Qoqun bütün əsərlərində olduğu kimi, bu tabloda da işıq-kölgə, rəng texnikası, simmetriyanın dəqiqliyi kimi bir sıra detallar diqqəti cəlb edir. Tabloya diqqətlə nəzər salsaq soyuq rənglərin ahəngdarlığının ön planda olduğunu görərik. 

Hazırda əsər Hollandiyanın Amsterdam şəhərində, Van Qoq muzeyində qorunub saxlanılır.

Leyla HADİ, 
tələbə-jurnalist

 

Dünya