ABŞ Prezidenti Ukraynaya dəstək veriləcəyini təsdiqləyib

post-img

ABŞ Ukraynanı yardımsız qoya bilməz. Bunu ABŞ Prezidenti Co Bayden Vaşinqtonda Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib. Məlumatı “Anadolu” verib. 

“Əgər biz onu tərk etməsək, Ukrayna bu müharibədən güclü, qürurlu və Qərb sisteminə möhkəm bağlanmış şəkildə çıxacaq. Amerikalılar Ukraynanın uğurunu dəstəkləməkdə oynadıqları rolla fəxr etməlidirlər. Biz bacardığımız qədər Ukraynanı lazımi texnika və silahlarla təmin etməyə davam edəcəyik”, - o bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ-ın Ukraynaya kömək edə bilməyəcəyinə inanır: “Buna görə də biz sübut etməliyik ki, o, [Rusiya prezidenti Vladimir Putin] yanılır. ABŞ Konqresi dəstək verməlidir. Biz başa düşməliyik ki, bütün dünyada bu vəziyyətə necə yanaşırlar, Rusiya bundan necə istifadə edir”.

Bayden qeyd edib ki, ABŞ Konqresi Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləməlidir.

Vladimir Zelenski öz növbəsində qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri müharibənin əvvəlindən Rusiya qoşunlarının işğal etdiyi ərazilərin 50 faizinə artıq nəzarəti bərpa edib və Qara dənizdə də uğur qazana bilib: “Biz göydə üstünlük qazanmaq istəyirik, bu, 2024-cü ildə mövqeyimizi gücləndirəcək. “Göyü kim idarə edirsə, müharibənin müddətini də idarə edir”.

Ukrayna prezidenti bildirib ki, demokratlar və respublikaçılar onu tam dəstəkləyəcəklərinə əmin ediblər. “Bu gün mən hər iki partiyanın nümayəndələri ilə çox danışdım: həm demokratlar, həm də respublikaçılar bizi hərtərəfli dəstəkləyəcəklərinə əmin etdilər. İndi baxaq. Lakin bundan əvvəl biz həmişə strateji tərəfdaşımız olan ABŞ-ın dəstəyinə inanırdıq”, - deyə o bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya