Türkiyədə “TikTok” üzərində nəzarət gücləndirilir

post-img

Türkiyə hakimiyyəti “TikTok” sosial şəbəkəsi və onun populyar bloqçuları üzərində nəzarəti gücləndirməyi zəruri hesab edir. Çünki onların ölkədəki fəaliyyəti milli təhlükəsizlik məsələsinə çevrilib. 

TASS xəbər verir ki, bu fikri yerli “A Haber” telekanalının efirində hakim partiyanın üzvü, rəqəmsal media üzrə parlament komissiyasının sədri Hüseyn Yaiman deyib.

“İnsanlar dövlətdən öz uşaqlarını, ailələrini qorumasını xahiş edirlər. Blogerlər üzərində hüquqi və maliyyə nəzarəti olmalıdır. Bu, milli təhlükəsizlik məsələsidir”, - deyə hakim partiyanın üzvü qeyd edib.

H.Yaiman deyib ki, əsas şikayət fenomen adlandırılan bir neçə məşhur yerli blogerin davranışı ilə bağlıdır ki, çox vaxt əxlaqi və mənəvi dəyərlərin əsasları ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, uşaqların mənəvi inkişafına mənfi təsir göstərən bu fəaliyyətlə bağlı qaydalar tətbiq etmək lazımdır. Çünki ən məşhur “fenomenlərdən” bəziləri 85 milyon Türkiyə vətəndaşı üçün pis nümunədir.

Parlament komissiyasının sədri nəzərə çatdırıb ki, onun komissiyası sosial şəbəkələrə sanksiya tətbiq etmək səlahiyyətinə malik deyil, lakin tənzimləyicilərə müəyyən tədbirlər tövsiyə edə bilər. Buraya lisenziyaların ləğvi, reklamın qadağan edilməsi, eləcə də məzmunun dərci üçün müəyyən standartların tətbiqi daxildir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya