Çərşənbə günü Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən “Bir kəmər, bir yol” forumu çərçivəsində Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə danışıqlar aparıb. Görüşdə liderlər “ikitərəfli praktiki əməkdaşlığın cari problemlərini və beynəlxalq gündəliyi, o cümlədən, daha ədalətli çoxqütblü dünya nizamının yaradılması məsələlərini” müzakirə ediblər. Bu bəyanatlar bir daha təsdiqləyir ki, Moskva və Pekin ABŞ-ın təkqütblü dünya siyasətinə qarşıdır və müəyən sahələrdə ortaq mövqedən çıxış etməyə hazırdırlar.
Oktyabrın 17 və 18-də Pekində üçüncü “Kəmər və Yol” Forumu keçirilib və 140-dan çox ölkədən 4 mindən çox insan iştirak edib. “G7” qrupunun nümayəndələri orada iştirak etmirlər. Foruma Rusiya Prezidenti Vladimir Putin də qatılıb. Bu, onun son il yarımda Çinə ilk səfəridir. Geniş proqram çərçivəsində forumda birbaşa iştirakla yanaşı, Rusiya lideri ÇXR Sədri Si Cinpinlə də daxil olmaqla bir sıra ikitərəfli danışıqlar aparıb. Dünya ictimaiyyətinin də maraqla izlədiyi görüşdə ÇXR Sədri Si Cinpin Pekində Rusiya Prezidenti Vladimir Putinlə geniş tərkibdə danışıqlar apararkən Rusiya liderini “özünün çoxdankı dostu” adlandırıb. “Hörmətli prezident Putin, mənim çoxdankı dostum, “Bir kəmər, bir yol” Üçüncü Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakınızı alqışlayırıq. Çin lideri əlavə edib ki, “İki tərəfin mühüm diplomatik tədbirlərində qarşılıqlı iştirak bizim çoxdankı yaxşı ənənəmizdir”. Onun sözlərinə görə, Çin və Rusiya arasında ticarət dövriyyəsi tarixi rekordlara çatıb və 200 milyard dollarlıq hədəfə yaxınlaşır. “Məmnunluq hissi ilə bildirirəm ki, hökumətlər, nazirliklər və idarələr, eləcə də Çin və Rusiya regionları əldə olunan razılaşmaları həyata keçirmək üçün çox çalışırlar”, – deyə Si Cinpin əlavə edib. O, həmçinin Çinin Rusiya ilə birlikdə ikitərəfli əməkdaşlığı yeni məzmunla zənginləşdirməyə hazır olduğunu vurğulayıb: “Biz rusiyalı tərəfdaşlarımızla birlikdə tarixi tendensiyanı aydın şəkildə dərk edərək və qlobal inkişaf tendensiyalarını izləyərək, inkişaf və tərəqqi naminə ikitərəfli əməkdaşlığı yeni dövrdə zəruri məzmunla davamlı olaraq zənginləşdirməyə hazırıq”.
Rusiya Prezidenti Vladimir Putin də görüşdə Pekinlə bir sıra məsələlərdə razı olduğunu açıqlayıb. Cənab Putin bildirib ki, Rusiya və Çin dünyada bərabərhüquqlu əməkdaşlığa çalışırlar: “Biz dəfələrlə qeyd etmişik ki, Rusiya və Çin dünyanın əksər ölkələri kimi universal davamlı və uzunmüddətli iqtisadi tərəqqiyə nail olmaq üçün bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq cəhdlərini bölüşürlər”. O qeyd edib ki, ölkələr hər bir dövlətin öz inkişaf modelinə olan hüquqlarına hörmət etməlidirlər. Rusiya liderinin sözlərinə görə, “Bir kəmər, bir yol” layihəsi “böyük Avrasiya məkanı yaratmaq ideyalarımızı birləşdirir” və hər iki ölkənin maraqlarına tam uyğundur. Çin lideri də vurğulayıb ki, Pekin “ideoloji qarşıdurmada, geosiyasi oyunlarda və ya blok siyasi qarşıdurmasında” iştirak etmir. Onun sözlərinə görə, ölkə “birtərəfli sanksiyalara, iqtisadi məcburiyyətə və əlaqələrin kəsilməsinə qarşıdır”. Qeyd edək ki, “Bir kəmər, bir yol” təşəbbüsünün mahiyyəti Çinin iştirakı ilə mövcud regional ikitərəfli və çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizmləri və strukturlarını gücləndirməklə beynəlxalq əməkdaşlıq və inkişafın yeni modelini axtarmaq, formalaşdırmaq və təşviq etməkdir. Sentyabrın 22-də Çinin vitse-prezidenti Xan Çjen BMT Baş Assambleyasında çıxış edərək beynəlxalq ictimaiyyəti “beynəlxalq münasibətlərdə harmoniya və sabitliyi ciddi şəkildə pozan” birtərəfli sanksiyaları boykot etməyə çağırıb.
Mütəxəssislərin sözlərinə görə, Rusiya liderinin Pekinə hazırkı səfəri “yeni dövrdə Çin–Rusiya hərtərəfli strateji tərəfdaşlığının inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək”. Çinli ekspert Çuy Henqin fikrincə, son 10 ildə Rusiya “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb. Belə ki, Rusiya ikitərəfli praqmatik əməkdaşlığı artırmağa və bütövlükdə Avrasiya iqtisadiyyatının inkişafına kömək edib. O, həmçinin deyib ki, cənab Putinin Çinə səfəri “ÇXR liderinin Si Cinpinin mart ayında Rusiyaya səfəri zamanı əldə edilmiş səmərəli nəticələrin təsdiqi olacaq”. “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun sədri Andrey Bıstritski isə TASS-a eksklüziv müsahibəsində Rusiya və Çin arasında münasibətlərin dinamikasından danışarkən vurğulayıb ki, Çində Rusiyaya böyük maraq var. Ekspertin sözlərinə görə, Rusiya üçün Çinlə “Bir kəmər, bir yol” çərçivəsində qarşılıqlı fəaliyyət yeni dünyanın yaradılmasının bütün formalarıdır, ölkənin iştirak edə biləcəyi ən mühüm siyasi prosesdir: “Bu, böyük perspektivləri olan yeni dünyanın qurulmasıdır”.
Andrey Bıstritski, həmçinin qeyd edib ki, Si Cinpin gərgin dövrdə cənab Putini qəbul edir və bu, Rusiya və Çin arasında qarşılıqlı əlaqə imkanlarının tükənmədiyi barədə başqalarına göndərilən müəyyən bir siqnaldır: “Gələcəkdə bu qarşılıqlı əlaqə daha da sıx və faydalı ola bilər. Təkcə ölkələrimiz üçün deyil, həm də bizi əhatə edən dünya üçün”.
Qərbdə isə “Bir kəmər, bir yol” layihəsinə Çinin qlobal genişlənməsi və liderliyi, eyni zamanda, bütün nəqliyyat dəhlizlərini bir araya gətirmək və Avropanı Çin və Asiya malları ilə təmin etmək, eyni zamanda, yerli infrastruktura kapital yatırmaq üçün iddialı bir plan kimi qiymətləndirirlər. “Köhnə dünya” ilə, eyni zamanda, okeanın o tayı ilə münasibətləri korlanan Rusiya Çin ilə əlaqələrini gücləndirmək yolunu seçib. Eyni sözləri Pakistan barədə də demək olar. İslamabad da ümidlərini Çinə bağlayır. Forumun açılışı ərəfəsində “Nation” qəzetində dərc olunmuş məqaləsində Baş nazir səlahiyyətlərini icra edən Ənvar-ül-Haq Kakar Çin-Pakistan İqtisadi Dəhlizini “Bir Kəmər və Yol Təşəbbüsünün flaqman layihəsi” adlandırıb. Pakistan gözləyir ki, “Bir kəmər, bir yol” layihəsi müasir nəqliyyat şəbəkələrinin, enerji layihələrinin və xüsusi iqtisadi zonaların yaradılmasına imkan verəcək, həmçinin Afrika və Qərbi Asiyaya gələcək dəniz daşımaları üçün Çindən Qvadar limanına yüklərin dəmir yolu ilə çatdırılmasını təmin edəcək.
Səbuhi MƏMMƏDOV
XQ