Avropa İttifaqı (Aİ) ruslara şəxsi avtomobillərdə girişi qadağan edib. Bu barədə “RBC-Ukraina” yazıb. Qəzetə müsahibə verən hüquqşünaslar əlavə ediblər ki, bu qadağaya həmçinin smartfonlar, noutbuklar, çamadanlar, kosmetika və s. daxildir. Rusiya dövlət nömrə nişanlı avtomobillərin idxalına qoyulan qadağa yeni deyil. İndiyədək Rusiya avtomobillərinin müsadirə edilməsi ilə bağlı bir neçə hadisə məlum olub - bunların hamısı birbaşa Rusiya ilə həmsərhəd olmayan Almaniyada baş verib.
Rusiya dövlət nömrə nişanlı avtomobillərin Aİ-yə idxalına qadağanın müzakirəsi iyun ayında - Almaniyada yaşayan rusların avtomobillərinin müsadirə edilməsi xəbərindən sonra başlayıb. Avtomobili bu şəkildə müsadirə edilənlərdən biri də Hamburqda yaşayan moskvalı İvan Koval olub. İyunun əvvəlində o bildirib ki, gömrükçülər onun avtomobilini birbaşa evindən aparıblar, baxmayaraq ki, Koval ölkəyə gələndə maşını rəsmiləşdirib. Almaniyaya bərə ilə gələn digər ruslar da alman gömrüyünün Rusiya nömrəli avtomobilləri müsadirə etməsindən danışıblar.
Rusiyanın Almaniyadakı səfirliyi vətəndaşlara vəziyyət aydınlaşana qədər Rusiya qeydiyyat nömrəli nəqliyyat vasitələrini Almaniya Federativ Respublikasının ərazisinə gətirməkdən çəkinməyi tövsiyə edib.
Alman gömrükçüləri avtomobilləri müsadirə edərkən Aİ Şurasının 31 iyul 2014-cü il tarixli 833/2014 saylı Qaydasına - yəni Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaların prosedurunu təsvir edən sənədə istinad ediblər. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa Birliyinin hər yeni sanksiyalar paketi ilə bu qaydalarda dəyişikliklər meydana çıxıb. 2022-ci ilin oktyabrında, səkkizinci sanksiyalar paketindən sonra Rusiyadan gələn və ya ixrac edilən malların, o cümlədən avtomobillərin idxalına qadağa qoyulub.
Sentyabrın 8-də isə Avropa Komissiyası öz saytında anti-Rusiya sanksiyalarının tətbiqi ilə bağlı tez-tez verilən sualların yer aldığı sənədi dəqiqələşdirmək məqsədi ilə yeniləyərək dərc edib. Məhz alman gömrüyünün ruslardan maşınları müsadirə edən hərəkətlərinə cavab olaraq, Avropa Komissiyasının sentyabrın 8-də öz açıqlamasını dərc etməsinə Avropa Parlamentinin üzvü Rasa Juknevičiene münasibətini bildirib. O qeyd edib ki, bu qadağada yeni heç nə yoxdur. Bununla belə, bu dəqiqləşdirmələrin digər ölkələrin sərhədlərində necə tətbiq ediləcəyini bilmir.
RBC-nin əlaqə saxladığı Avropa Komissiyasının nümayəndəsi aydınlaşdırıb ki, hər bir Aİ ölkəsi sanksiyaların necə həyata keçiriləcəyinə özü qərar verir - yəni Avropa Komissiyasının 8 sentyabr tarixli izahatı hüquqi cəhətdən məcburi deyil.
Leyla QURBANOVA
XQ