İran XİN başçısı ABŞ-Ermənistan hərbi təlimlərini pisləyib

post-img

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ və Ermənistan arasında keçirilən hərbi təlimləri pisləyib. O, xarici qüvvələrin bölgədə mövcudluğunu regionda vəziyyəti mürəkkəbləşdirən amil hesab edib. Məlumatı TASS verib.  

İran XİN-in məlumatında qeyd edilib ki, Hüseyn Əmir Abdullahian Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefonla danışıb. Söhbət əsnasında Cənubi Qafqaz regionunda baş verən cari proseslər, ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi yolları müzakirə edilib.

Bölgədə davamlı sülhə nail olmaq üçün mübahisələrin kökündən həllinin zəruriliyinə toxunan İran XİN-in rəhbəri məsələlərin həllinin ən təsirli yolunun regional dialoqlar və mexanizmlər, o cümlədən 3+3 formatı olduğunu hesab edib.

Hüseyn Əmir Abdullahian Araz çayının ekosistemini qorumaq üçün onun çirklənməsinin qarşısının alınmasına dair yol xəritəsinin həyata keçirilməsinin vacibliyinə də toxunub.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya