Avropa ölkələri qırmızı atəş qarışqalarının hücumuna məruz qalıb. Bu barədə “Guardian” qəzetinin icmalçısı Patrik Barkham bildirib.
Onun sözlərinə görə, güclü neştərə malik qırmızı atəş qarışqaları əkin sahələrinə ziyan vura, həmçinin elektrik avadanlıqlarını, avtomobilləri və kompüterləri sıradan çıxara bilərlər.
Barkham qeyd edib ki, qarışqaların bu növünün qlobal istiləşmə səbəbindən tez bir zamanda bütün Avropanı zəbt edəcəyi gözlənilir. İcmalçı, həmçinin xəbərdarlıq edib ki, qarışqalar tez bir zamanda “superkoloniyalar” yarada, onurğasızları, daha böyük onurğalıları ovlaya, bitkiləri məhv edə və yerli qarışqaları, həşəratları və otyeyən heyvanları onların yaşadıqları ərazidən sıxışdırıb çıxara bilərlər.
Qeyd edək ki, Avstraliya bu qarışqa növünü məhv etmək üçün 200 milyon funt sterlinqdən çox (425 milyon manatdan çox) pul xərcləyib, lakin həşəratı tamamilə məhv etmək mümkün olmayıb.
F. SALMANLI
XQ

