Ankara Yunanıstanda türk qəbirlərinin dağıdılmasını pisləyib

post-img

Ankara Qərbi Frakiyadakı türk qəbiristanlığında qəbirüstü abidələrin dağıdılmasını kəskin şəkildə pisləyib. Bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Tancu Bilgiç bəyan edib. Məlumatı “Anadolu” verib. 

Bilgiç deyib: “Yunanıstan hökumətinin tezliklə cinayətkarları tutacağını, onların layiq olduqları cəzanı alması üçün məsuliyyətə cəlb ediləcəyini və insidentin səbəbinin aydınlaşdırılacağını gözləyirik”. 

Bəyanatda daha sonra deyilir: “Avropada artmaqda olan islamofobiya fonunda hətta müsəlman qəbiristanlıqları da hücumlara hədəf olur. Bu, bizim ümumbəşəri dəyərlərimizi qorumağımızın vacibliyini və təxirəsalınmazlığını göstərir”.

Türkiyə XİN rəsmisi Afinanı gələcəkdə bu cür halların qarşısını almaq üçün lazlımi tədbirlər görməyə, eləcə də Qərbi Frakiyada türklərin sülh və təhlükəsizlik şəraitində yaşamasını təmin etməyə çağırıb.  

Diplomatın sözlərinə görə, Türkiyə Yunanıstan Təhsil və Din Nazirliyinin insidentlə bağlı təhqiqata başlandığı barədəki bəyanatını nəzərə alır. Bununla yanaşı, Qərbi Frakiyada yaşayan türklərə basağlığı ifadə olunub. 

Qeyd edək ki, keçən bazar günü naməlum şəxslər Qərbi Frakiyanın Narlıköy kəndindəki məzarlıqda qəbirüstü abidələri dağıdıblar. 

Paşa ƏMİRCANOV,

XQ

Dünya