Türkiyə ilə ABŞ arasındakı münasibətlər müsbət istiqamətdə inkişaf edir

post-img

Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında münasibətlər 2023-cü ildə də müsbət istiqamətdə irəliləməyə davam edəcək.

Türk-Amerika İş Şurasının (TAİK) və Amerika Şirkətlər Dərnəyinin (AmCham Türkiyə) birgə bəyanatına görə, Türkiyə ilə ABŞ arasında ticarət həcmi son 12 ayda 31,3 milyard dollar səviyyəsinə çatıb.

200 ilə yaxın tarixə malik əlaqələr 2023-cü ilin ilk yarısında artan investisiyalar və Türkiyə bazarına yeni daxil olan ABŞ şirkətlərinin müxtəlif sektorlara marağı ilə sürət qazanmağa davam edib.

"AmCham" Türkiyə İşləri üzrə idarə heyətinin sədri Tankut Turnaoğlu Türkiyə ilə ABŞ arasında uzun müddətdir mövcud olan güclü əlaqələrin dünyanın ən mühüm və köklü strateji əlaqələri arasında yer aldığını bildirib və iki ölkə arasında strateji əlaqələrdə ticarət və investisiyaların əhəmiyyətinə diqqət çəkib.

Turnaoğlu "AmCham" Türkiyə olaraq ölkə iqtisadiyyatına ildə 60 milyard dollar töhfə verən 125 ABŞ şirkəti təmsil etdiklərini və əsas məqsədlərinin Türkiyəni dünya bazarlarına daşıyan bir güc olmaq olduğunu vurğulayıb.

Turnaoğlu Türkiyədə yerləşən ABŞ şirkətlərinin Türkiyəni regional mərkəz kimi gördüyünü bildirib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya