Böyük Amerika yazıçısı Frensiz Skott Fitscerald caz dinləməyi, qadınlarla əylənməyi, xüsusilə də alkoqolu sevirdi. “Alkoqol olmasa, bircə cümlə də yaza bilmərəm”, – deyən yazıçının 44 yaşında ölümünə elə içki aludəçiliyi səbəb olub.
Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində, imkanlı katolik irland ailəsində dünyaya göz açmışdır. Onu ABŞ himninin sözlərinin -”Ulduzlarla bəzənmiş bayrağ”ın müəllifi, ulu babası Frensis Skott Kinin (1779–1843) şərəfinə belə adlandırmışdılar.
Xatırladaq ki, “Böyük Qetsbi” və ya “Möhtəşəm Qetsbi” Fitsceraldın sayca üçüncü və ən məşhur romanıdır. Amerika ədəbiyyatında “Caz dövrünü” təsvir edən bu roman 1925-ci ildə işıq üzü görmüşdür. Əsər ötən əsrin 50-ci illərində, müəllifin ölümündən sonra gündəmə gələrək populyarlaşmışdır.
M.QARAÇAYLI, “Xalq qəzeti”