Türkiyənin Energetika Nazirliyi kəşf edilmiş qaz ehtiyatlarının həcmini hesablayıb

post-img

Türkiyənin Energetika Nazirliyi: Aşkar edilmiş qaz ehtiyatları ölkədəki ev təsərrüfatlarını 35 il təmin etməyə kifayət edəcək

Türkiyədə kəşf edilmiş qaz ehtiyatları 35 il ərzində ev təsərrüfatlarının bu yanacağa olan tələbatını təmin etməyə kifayət edəcək. Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz CNN Türk telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda kəşf edilmiş ehtiyatların həcmi 710 milyard kubmetrdir. “Bu, bizim 35 il ev təsərrüfatını təmin etmək üçün kifayətdir. Müəssisələri də götürsək, bu həcm 15-20 il üçün kifayət edər”, - deyə cənab Dönməz aşkar edilən yanacağın miqdarını hesablayıb.

Nazir Türkiyənin Qara dənizdəki yataqlarından hasil edilən qazın idxal qazından daha ucuz olduğunu da vurğulayıb.

Əvvəllər bildirilirdi ki, Türkiyə apreldə Qara dənizdə böyük ehtiyatları aşkar edilən qazla əhalini təmin etməyə başlaya bilər. Layihə fevral ayında ölkədə baş verən zəlzələlər səbəbindən təxirə salınmışdı.

S.ELAY,

“Xalq qəzeti”

Dünya