“Bloomberg” xəbər verir ki, ABŞ-ın bir sıra kredit təşkilatlarının bağlanmasından sonra ölkə banklarının kreditləri son iki həftə ərzində 105 milyard dollar azalıb. Federal Ehtiyatlar Sisteminin məlumatına görə, bu, 1973-cü ildən bəri ən böyük azalmadır.
“Bloomberg” yazır ki, son bir həftə ərzində azalma 45 milyard dollar təşkil edib. Agentliyin məlumatına görə, bu, ilk növbədə kiçik banklar tərəfindən verilən kreditlərin həcminin azalması ilə əlaqədardır.
Martın 10-da ABŞ-ın 16-cı ən böyük bankı olan “SVB” iflas elan edib. Onun ardınca “New York Signature Bank” müflis olduğunu bildirib. Bu, ABŞ tarixində üçüncü ən böyük bank müflisləşməsi olub. “SVB” və “Signature Bank”ın bağlanmasından sonrakı həftədə digər ABŞ bankları bank bazarı ilə bağlı narahatlıqlar fonunda ABŞ Federal Ehtiyat Sistemindən rekord məbləğdə 165 milyard dollar borc götürüblər.
Bir gün əvvəl, aprelin 7-də JPMorgan-ın rəhbəri Ceymi Dimon bildirib ki, ən böyük bankların müflisləşməsi fonunda ABŞ vətəndaşları kreditləşməni azaldır ki, bu da Amerika iqtisadiyyatında mümkün tənəzzülün əlaməti ola bilər. ABŞ-ın maliyyə naziri Canet Yellen gözlənilən resessiya ilə bağlı şayiələrə baxmayaraq, ölkəsinin iqtisadiyyatının böyüyəcəyinə və inflyasiyanın azalacağına inanmaqda davam edir.
"Xalq qəzeti"