Elə qidalanaq ki, sonradan ağrısını çəkməyək…

post-img

On bir ayın sultanı Ramazan inanclı insanlar üçün özəl bir aydır. Oruc tutmağın insan sağlamlığına faydaları çoxdur. Bununla belə, Ramazanda düzgün qidalanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Qida rasionu elə tərtib edilməlidir ki, imsakdan iftara qədər aclıq və susuzluq hissi narahatlıq yaratmasın. Xüsusilə imsakda mümkün qədər tərkibində maye olan yeməklərin qəbulu artırılmalıdır. Terapevt Aygün Kərimova Ramazan ayında düzgün qidalanma, yəni imsakda (sahurda) və iftarda oruc tutanlara zərər verməyəcək yeməklər haqqında məlumat verib.

İmsakda qidalanma

İlk növbədə nəzərə almaq lazımdır ki, qış aylarına nisbətən yazda, yay qədər olmasa da, orucun müddətcə uzundur. 14 saat susuz–qidasız qalmaq, hər halda, orqanizmə zərərsiz ötüşməz.  Buna görə də, mütləq imsaka durmaq, qida qəbul etmək lazımdır. Səhər, yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq, kəpəkli çörək yemək vacibdir, çünki kəpəkli çörək ağ çörəyə nisbətən 4 dəfə gec həzm olunur. Bu isə uzun zaman ac qalmaq üçün faydalıdır. Amma ağ çörək mədə tərəfindən tez sorulduğundan yeməkdən sonra qanda şəkərin miqdarı çox qalxır və tez də düşür.

İmsakda yaxşı olar ki, suda qaynadılmış yumurtaya üstünlük verilsin, çünki  onun tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış ət də bu yöndən faydalıdır.  Bundan başqa 3–4 ədəd xurma yemək yaxşıdır, çünki xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ var.

Kəpəkli undan hazırlanmış makaron, yerli düyü, duzsuz pendir, qaymaq, xama yemək də faydalıdır. Süddə bişmiş yulaf və ya firni insanı uzun müddət tox saxlayır. Bol su qəbul edilməli, orqanizmdə köp olmaması üçün razyana və çobanyastığı əlavə edilmiş çay içilməlidir. Limon və ya məkkəgülü ilə dəmlənmiş çay da susuzluğun qarşısını almaq üçün yaxşı vasitədir.

A.Kərimova oruc tutanlar üçün xoşagələn bir içki resepti təqdim edib: Bir xörək qaşığı məkkəgülü çiçəkləri 3 stəkan suya tökülür. Üzərinə 2 çubuq darçın, 2 ədəd doğranmış alma, 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edilib zəif odun üzərində 5 dəqiqə qaynadılır. Səhər imsak zamanı soyuq halda istifadə edilən bu içki həm dadlıdır, həm də susuzluğun qarşısını almaq üçün əla vasitədir.

İftarda necə qidalanmalıyıq?

İftarda mədəni çox yükləmək olmaz və yeməkdən sonra mütləq şəkildə ən azı 1 saat yüngül idman hərəkətləri etmək və gəzintiyə çıxmaq lazımdır ki, bu da həzm prosesinin sürətlənməsi, yorğunluq hissinin aradan qaldırılması, xüsusilə də yuxu rejiminin normallaşması üçün vacibdir.

İftar zamanı qida qəbulu 2 hissəyə bölünməlidir. Mədəni bir dəfəyə çox yükləmək olmaz, çünki aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu köp, sancı və qəbizlik yarada bilər. İftarı su ilə açmaq, sonra sulu yeməklərə üstünlük vermək lazımdır. Çalışmaq lazımdır ki, süfrədə mövsümi tərəvəzlər, həmçinin qatıq, ayran, salat, göyərti bol olsun. Mədəsində turşuluğu çox olanlar qatığı kefirlə əvəzləsin. Sulu yeməkdən sonra bir az istirahət etmək məsləhətdir.

Sonra enerjili, bir qədər ağır, yağlı yeməklər qəbul etmək olar, amma, yenə də ağ çörəkdən istifadə etmək olmaz. Lifli yeməklər, meyvələr və quru meyvələr yaxşıdır. Yeməkdən sonra köpün, qəbizliyin və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içmək məsləhətdir. Suyu isə əsas yeməkdən sonra, yatana qədər hər 1 saat fasilə ilə içmək lazımdır ki, gecəyə doğru onun miqdarı bədəndə bərpa olunsun. Ramazanda hər gün yaxşı qidalanmaq vacibdir, çünki ertəsi gün yenə oruc tutulmalıdır.  Hər kəsin ibadətini Allah qəbul etsin. 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

 

 

Z-Aygün.jpg

Səhiyyə