Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi (AzFina) arasında əməkdaşlıq çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün maliyyə texnologiyaları mövzusunda seminar keçirilib.
Fakültənin dekanı Nəsimi Kamalov mərasimi açaraq belə seminarların gənclərin maliyyə texnologiyaları sahəsində aktual trendlərlə tanış olması, real sektor nümayəndələri ilə birbaşa ünsiyyət qurması və gələcək karyera seçimlərində daha düzgün qərarlar qəbul etməsi baxımından əhəmiyyətini vurğulayıb.
Seminarda “QoldenPey” ASC-nin kommersiya direktoru Səbinə Əmiraslan müasir dövrdə maliyyə texnologiyalarının inkişafı və rəqəmsallaşmanın yaratdığı yeni imkanlar barədə tələbələrə məlumat verib. O, çıxışında nağd kağız əskinaslardan rəqəmsal valyutalara keçid prosesini, bu keçidin iqtisadiyyata təsirini ətraflı izah edib, xüsusilə rəqəmsal maliyyə sistemlərində etimad amilinə toxunub.
“Token Azərbaycan” MMC-nin direktoru Raşit Kartal isə startapların formalaşma tarixi, uğurlu startapların inkişaf mərhələləri və komanda şəklində işləmək bacarığının əhəmiyyəti barədə danışıb. İnnovativ düşüncə və düzgün komanda quruculuğunun biznesdə uğurun əsas amillərindən biri olduğunu vurğulayan mütəxəssis real təcrübələr əsasında gənclərə zəruri tövsiyələrini verib.
Seminar zamanı mövzu ilə bağlı tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallara aydınlıq gətirilib. Həmçinin AzFina-nın BMU Texnoparkında maliyyə texnologiyaları sahəsində innovativ startapların yaradılması və inkişafına dəstəyi məsələlərinə toxunulub.
Qabil ƏLİYEV
XQ

