Yanvarın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin imtahan sessiyasına start verilib. ADPU-nun rektoru professor Cəfər Cəfərov imtahan prosesinin gedişi ilə tanış olub.
Qeyd edək ki, Pedaqoji Universitetdə imtahan sessiyası prosesin effektiv təşkili və tələbələrin rahatlığının təmini məqsədilə, əsasən, Əsas tədris binasında (Sahil), bəzi ixtisaslar üzrə isə digər tədris binalarında da təşkil edilir. İmtahanlar 09:00, 12:00 və 15:00-da olmaqla 3 növbədə təşkil edilir və yazılı və şifahi formalarda keçirilir.
Payız semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək şikayətlərin araşdırılması və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apellyasiya Komissiyası və İmtahan Qərargahı yaradılıb. Tələbələr imtahanın bitməsindən növbəti 2 gün ərzində prosesin təşkili ilə bağlı müraciətlərini İmtahan Qərargahına, imtahan nəticələrindən narazı qaldıqda isə Apellyasiya Komissiyasına müraciət edə bilərlər. Şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə ictimaiyyət nümayəndələri və tələbə təşkilatlarının üzvlərinin müşahidəçi qismində imtahan prosesinin gedişini izləmələri təmin edilir.
06 yanvar - 03 fevral aralığında edəcək imtahanlarda bakalavriat səviyyəsi üzrə 10.344, magistratura səviyyəsi üzrə 1000 nəfərədək olmaqla, ümumilikdə 11.247 tələbə və magistrantın iştirakı nəzərdə tutulur.