ATMU-da Zəfər Günü ilə bağlı tədbir keçirilib

post-img

Azərbaycan Turizm və Menecment Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Qələbənin 4 illiyinə həsr olunmuş “8 Noyabr – Zəfər Tariximizin İnciləri” adlı tədbir keçirilib. Milli Məclisin deputatları Ceyhun Məmmədov və Vüqar İskəndərov, rektor İlham Mədətov, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, universitetin şəhid məzunu Məhəmmədəli Həsənzadənin atası Hörmət Həsənzadə, həmçinin ATMU-nun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

ATMU-nun rektoru İlham Mədətov bildirdi ki, Vətən müharibəsi dövlət rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Rektor Zəfər günü münasibətilə hər kəsi təbrik etdi, şəhidlərimizə rəhmət, ailələrinə səbr dilədi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti sayəsində müqəddəs torpaqlarımız düşmən işğalından azad olundu. 30 illik yurd həsrətinə son qoyuldu. 

Milli Məclisin deputatı Vüqar İskəndərov noyabr ayının 8-ni qürur günümüz kimi tarixə yazan  qəhrəman övladlarımıza əbədi  təşəkkür borcumuzun olduğunu dedi. Azərbaycanda görülən işlərdən, dövlətin həyata keçirdiyi siyasətin əhəmiyyətindən və xalqın dəstəyinin vacibliyindən danışdı.

Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov universitetin həyata keçirdiyi bu cür tədbirlərlə gənclər arasında milli ruhun və vətənpərvərliyin təbliğinə verdiyi əhəmiyyətindən bəhs etdi. İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı isə Qarabağ müharibələrinin tarixi və Zəfər Gününə aparan proseslər haqqında geniş məlumat verdi. Qeyd olundu ki, Vətən müharibəsində iştirak edən ATMU-nun 100-dən çox tələbə və məzunundan 60 nəfərə yaxını dövlət başçısı tərəfindən müxtəlif medallarla təltif olunub. Şəhidlik zirvəsinə ucalan  Məhəmmədəli Həsənzadə ölümündən sonra bir sıra medallara layiq görülüb. 

Tədbirdə M.Həsənzadə haqqında və Zəfər tariximizi əks etdirən video-çarxlar nümayiş olundu, panel müzakirə aparıldı. Tələbələrin sualları cavablandırıldı, işğaldan azad olunmuş torpaqlarda turizmin inkişaf imkanları, perspektivləri və bu istiqamətdə görülən işlər barədə məlumat verildi.

Sonda xatirə şəkilləri çəkildi. 

Z.HÜSEYNOVA
XQ





Təhsil