DİM 1415 nəfər taksi sürücüsü üçün test imtahanı keçirəcək

post-img

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 1-dən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1415 nəfər qeydiyyatdan keçib.

Mərkəzdən aldığımız məlumata görə, kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda saat 10:00 və 13:00 olmaqla, 2 növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Təhsil