Vəhşiləşmiş silahlılar dinc insanların həyatına işgəncə ilə son qoymuşdular
Əsrarəngiz təbiət gözəllikləri ilə süslənmiş Kəlbəcərin dağları, yamacları, düzənləri bu yaz günlərində yaşıl libasa bürünməyə, qönçələr açmağa başladığı bir vaxtda Ağdaban və Başlıbel faciələrinin ağrıları da ürəklərdə qövr edir. 1992–1993-cü illərin aprel ayında erməni işğalçıları burada bəşər tarixinə qara ləkələr kimi yazılmış faciələri kölgədə qoyan dəhşətli faciələr törədiblər. İnsanlıq simasını itirmiş silahlı quldurlar dinc sakinləri uşaqlı, qadınlı, qocalı qətlə yetiriblər, bundan ürəkləri soyumayıb kəndləri də yandırıb kül ediblər.
Erməni silahlı qüvvələri 1992-ci il aprelin 8-də mühüm coğrafi ərazi olan Ağdabanı, 1 il sonra isə Kəlbəcəri tamamilə ələ keçiriblər. Rayon hər tərəfdən mühasirəyə alınıb, tikililəri, dini-tarixi abidələri yerlə-yeksan edilib, əksər kəndlər yağmalanıb, sərvətləri talanıb. Ardınca ən ucqar ərazidə yerləşən Başlıbelin işğalı gəlib. Xocalı qətliamından sonra onların törətdiyi bu növbəti faciələr zamanı hər iki kəndin sakinləri olmazın işgəncələrə məruz qalıb, 100-dən çox adam qətlə yetirilib, 20-dən artıq girov götürülən və itkin düşən olub.
Düz 33 il öncə, aprelin əvvəllərində tarixə qanla yazılmış Başlıbel hadisələri zamanı başı bəlalar çəkən kəndin xeyli sakini macal tapıb evlərini vaxtında tərk edə bilmədi. Onların bir qrupu mühasirədən çıxmağa çalışsa da, alınmadı. Bu zaman ələ keçənlərdən fiziki qüsurlu Hüseyn kişi klubda diri-diri yandırıldı. Sakinlərdən daha 9 nəfəri yolda qətlə yetirildi, 5 nəfər girov götürüldü. Qalanları isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışdılar.
Onlar cəmi 18 gün gizlənə bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı yeri aşkarlayaraq hücuma keçdilər. Qəfil çovğun qopan həmin gecədə 18 nəfər qətlə yetirildi, 14 nəfər girov götürüldü, 1 nəfər itkin düşdü. Sağ qalanlar isə sığınacaq yerlərini kəndin yaxınlığındakı digər kaha və mağaralara dəyişərək mühasirə həyatını davam etdirməli oldu.
Zavallı dəstə yalnız 3 aydan sonra – iyulun 17-də sığınacağı tərk edərək gecəgözünə gizli dağ yolları ilə hərəkət edib gədikləri aşmaqla mühasirəsindən çıxa bildilər. Kəndin 29 sakini gizli yollarla gedərək, Murovdağı aşdı və bir neçə gün sonra Daşkəsən ərazisinə keçməyə nail oldu. Təkcə 93 yaşlı Birinci və İkinci Dünya müharibələrinin iştirakçısı Ələsgər Kazımov ölümü göz önünə alaraq dağlarda qaldı. O, bugünədək itkin sayılır.
Başlıbel faciəsindən möcüzə ilə sağ çıxmış İsmət və Elşad Əzizovların dediklərinə görə, 3 maşında böyük qüvvə ilə kəndə hücuma keçən düşmənlər qırğın və qarətlər törədikdən sonra evləri, məktəbi, uşaq bağçasını, klubu, kitabxananı və tibb məntəqəsini yandırıblar. Ağdamlı igid Məzahir və silahdaşları həyatlarını risqə ataraq, çarəsiz qadın və uşaqları çiyinlərinə almaqla çaydan keçiriblər. Kahalarda gizlənmiş köməksiz camaatı qoruyan azsaylı hərbçilər (cəmi 9 nəfər) onları izləyən yağılara bacardıqları qədər müqavimət göstəriblər. Könüllü əsgər – zərdablı Vüqar qorxmadan irəli çıxaraq, 4 ermənini yerə sərib, geri qayıdanda isə düşmən qumbarasının atışına tuş gələrək həlak olub.
Müharibə veteranı Səlim Mehdiyevin dedikləri:
– Ağdabanda əliyalın insanlara divan tutulan dəhşətli səhnələr indi də yuxuma girir. O vaxt kim bacardı, qaçıb dağlarda gizləndi. Aprel ayının 18-də ermənilər bizim hansı kahada yerləşdiyimizi müəyyənləşdirib üstümüzə gəldilər. Orada ağır döyüşlər getdi. Qüvvələr nisbəti bərabər olmadığı üçün xeyli itkilər verdik. Biz Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçəndən sonra Başlıbeldə mühasirəsə qalanlara da xəbər ötürüldü və beləliklə, onlarında bir neçəsi xilas ola bildi.
Qətliamın canlı şahidi, Başlıbel kənd sakini Niyyət Əhmədov bu barədə danışmağa çətinlik çəksə də, yaşadığı müsibəti qısaca ifadə etdi:
– Ermənilərin atdığı bir qumbara ailəmizin gizləndiyi kahanın qənşərinə düşdü. Qəlpələr kahanın ağzına yaxın olan anamla Fazilə dəydi. Birinci anam yaralandı. Sonra bacımı vurdular. Bunu görüb kahadan çıxdıq. Yağılar bizi aşağı aparıb kimini öldürdülər, kimini də maşına mindirib girov apardılar. Sonradan biz girovluqdan azad edilsək də, 9 nəfərimiz aldığı fiziki, mənəvi və psixoloji sarsıntıdan vəfat etdi...
Əslən bu kənddən olan araşdırmaçı jurnalist Elxan Salahovun qətliamla bağlı “Başlıbel: yaranışdan işğaladək”, “Tanrı yoxuşu” və “Qanlı kaha” kitabları çap olunub. Ürəkağrısı ilə yazılmış həmin kitabların hər sətrindən faciənin ağrılı təfərrüatları boy göstərir. Onun ssenari müəllifliyi ilə ekranlaşdırılmış “Başlıbel – mühasirə gündəliyi” tammetrajlı sənədli filmi isə ürəklərdə daş bağlayan qətliamı şahidlərin ifadələrində bütün dəhşəti ilə əks etdirir.
Özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Elxan Salahovun dediyinə görə, həmin gecə başlanan dəhşətli şaxta və çovğuna tab gətirə bilməyən erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edərək ərazidən uzaqlaşıblar. Pərən-pərən düşən başlıbellilər bir neçə gündən sonra həmin ərazidən aralıda yığışıblar. Qətlə yetirilən doğmalarını dəfn etmək üçün geri qayıdıblar və şəhidləri “Portda” kahasının yaxınlığında torpağa tapşırıblar. Yaralananlar və sağ qalanlar bir müddət kənddən xeyli aralıda olan “Nəbinin kahası”na, sonra “Barıtlı kaha”ya sığınıblar.
Onlar Dəlidağın soyuğuna dözüblər, günlərlə ac-susuz qalıblar, dəfələrlə düşmən hərbçiləri ilə üz-üzə gəliblər. Ağır sınaqlardan təsadüf nəticəsində sağ çıxan, müxtəlif təhlükələrdən sovuşan mühasirə iştirakçıları həmin günlərdə dağların-daşların, qayaların sinəsinə öz adlarını həkk edirdilər ki, nə vaxtsa ora qayıdanlar onlardan soraq tuta bilsinlər, çünki hər gün, hər saat həyatlarını itirə bilərdilər...
Onu da qeyd edək ki, həmin faciə nəticəsində Elxanın nənəsi Gülgəz Cəfərova qətlə yetirilib, kənddə qalan bibisi Pəri Salahova, bibisi oğlu Qənaət Ağamirov ermənilər tərəfindən işgəncə ilə öldürülüb, bibisi nəvəsi Mahir Cəfərov kahada mühasirə həyatı yaşayıb. Onun kiçik qardaşı Elşad isə 1994-cü ildə Murovdağ əməliyyatı zamanı şəhid olub.
Qətliamın 33-cü ilinin tamamında Elxan Salahov ürəkparçalayan hadisələr barədə bunları dedi:
– Srağagün Gəncədə Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım mərasimində iştirak etdik. Hər kəs bir daha gördü ki, Başlıbel yarası 33 ildir ki, sızıldayır, faciənin ağrıları ömürlükdür. Neçə-neçə ailə var ki, onlar üçün bu yaralar qaysaqlasa da, heç vaxt sağalmayacaq. 1993-cü ilin elə bu günlərində kəndi almağa gəlmiş erməni silahlı dəstələrindən qorunmaq üçün kahalarda gizlənən əliyalın insanların başına gətirilən müsibətlər gözlərimiz önündə yenidən canlandı...
Başlıbeldə yaşanan faciədən sonrakı bir qərinənin hər gününü qübarlı ürəklərimizin sızıltısı ilə başa vurmuşuq. Təki Vətən sağ olsun! Yetər ki, azad, abad yurdumuz yaramıza məlhəm olsun!
Onu da xatırladaq ki, Başlıbel faciəsində qətlə yetirilənlərdən 12 nəfərinin meyitinin qalıqları İkinci Qarabağ müharibəsindən sonra tapılaraq ekshumasiya edilib və Azərbaycan bayrağına bükülərək doğma kənddə dəfn olunub. Elxan Salahov hələ də qalıqları tapılmayan Başlıbel şəhidlərinin siyahısını da bizə təqdim etdi. Onlar Qənaət Ağamirov, Abbas Babayev, Pəri Salahova, Tutu Əliyeva, Əhməd Salahov, Çiçək Fəttahova , Qızbəs, Həmayıl və Əbdüləli İsayevlər, Naibə Kazımova və Hüseyn Hüseynovdur.
Həmkarımız daha sonra söylədi:
– Hələ də şəhid atasının qalıqlarını tapa bilməyən İlqarla inişil Kəlbəcərdə apardığımız uğursuz axtarışlardan sonra yorğun və nigaran halda kəndə getməyimiz yadıma düşdü. Həmyerlimin gözündəki kədər, qəlbindəki həsrət, inamı-gümanı hələ də çiyinlərimdə yükdür. Qardaş yükü qədər!
Yağılar kəndimizi bərbad günə qoyublar. Hər yerdə uçuq-sökük divarlar, yandırılmış tikililər, xaraba qalan binalardır... Evləri tövlələrdən, tövlələri evlərdən ayırmaq olmur. Elektrik və rabitə xətlərindən əsər-əlamət yoxdur, ermənilər dirəkləri, transformatorları da çıxarıb aparıblar. Kənd qəbiristanlığında düşmənin güllələmədiyi, zərər vurmadığı bir məzar da yoxdur, bütün başdaşıları sındırılıb, daşlar üzərindəki şəkillər gülləbaran edilib, bəzi qəbirlər isə vəhşicəsinə eşilib. Ermənilər, sanki, ölülərdən, məzar daşlarından da qisas alırmışlar.
Bu və digər soyqırımı aktları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Prezident fərmanı imzalanıb. Dəhşətli faciələrə hüquqi-siyasi qiymət verilib.
İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
Hazırda azadlığına qovuşmuş Kəlbəcərdə təsdiqlənmiş Baş plana əsasən, geniş tikinti-quruculuq işləri həyata keçirilir. Artıq ötən ildən Kəlbəcər şəhərinə qayıdış köçləri yollanmağa başlayıb. Qoyunçuluq və arıçılıq təsərrüfatları da Kəlbəcər yaylaqlarına çıxarılıb. Rayon mərkəzində tez-tez bayram şənlikləri keçirilir. Çox tezliklə bu cənnətməkan diyarın kəndləri də Qarabağın və Şərqi Zəngəzurun digər rayonları kimi tam məskunlaşdırılacaq, bütün Kəlbəcər eli ata-baba yurduna qovuşacaq.
Başlıbel qətliamından danışan şahidlər qisasın qiyamətə qalmadığından hədsiz məmnun olsalar da, bildirdilər ki, başlarına gələnlər heç zaman unudulmayacaq. Bununla bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatında da yer alıb. Amma vəhşi “savaş aşiqləri”nə həmişəlik ibrət olsun deyə, faciənin daha çox ictimailəşdirilməsi, durmadan beynəlxalq aləmə çıxarılması son dərəcə zəruridir. Ölüm ayağında tarix üçün adlarını daşa yazanların başına gələnlər yaddaşlara yazılmalıdır.
Əli NƏCƏFXANLI
XQ





