Son vaxtlar Xəzər niyə narahatdır?

post-img

Alimlər yeraltı təkanların lal dilini anlamağa çalışırlar

Son günlər Xəzər dənizində müşahidə olunan seysmik  fəallıq diqqət çəkir.  Qısa zamanda ardıcıl baş verən yeraltı təkanlar, xüsusilə bir neçə bölgədə 5,2 bal gücündə zəlzələnin hiss olunması bu mövzunu həm elmi, həm də ictimai təhlükəsizlik prizmasından aktuallaşdırır. Tarixi təcrübə də göstərir ki, bu ərazi seysmik baxımdan həmişə həssas olub, 2000-ci ildə Bakıda qeydə alınan 6,8 bal gücündə zəlzələnin episentri də məhz Xəzərin Azərbaycan sektoruna düşürdü.

Mütəxəssislər bildirirlər ki, Xəzər  regionu mürəkkəb tektonik quruluşa malikdir. Ərazi Avrasiya tektonik plitəsi ilə Ərəb tektonik plitəsinin qarşılıqlı təsir zonasında yerləşir. Plitələrin toqquşması nəticəsində yer qabığında gərginlik yaranır və zaman-zaman bu enerji zəlzələlər şəklində boşalır. Xəzərin dibində isə fəal qırılma xətləri, palçıq vulkanları və müxtəlif geoloji strukturlar mövcuddur. Azərbaycan  dünyada palçıq vulkanlarının ən çox yayıldığı ərazilərdən  hesab olunur. Bu vulkanların fəaliyyəti də müəyyən hallarda seysmik aktivliklə əlaqəlidir.

Dənizdə baş verən seysmik hadisələr qurudakı analoji proseslərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Xəzər dənizi kimi qapalı hövzələrdə zəlzələlər çox vaxt daha dərin qatlarda, yəni yer qabığının alt hissələrində olur. Bu isə onların səthdə hiss olunan təsirini nisbətən zəiflətsə də, ümumi risk faktorunu aradan qaldırmır. Əksinə, belə dərinliklərdə baş verən proseslər daha geniş geo­loji strukturları əhatə edir. Xəzərin dibində yerləşən qırılma xətləri, çökəkliklər və palçıq vulkanları kompleks  sistem təşkil edir. Bu sistemdə baş verən hər hansı aktivlik bir neçə fərqli seysmik ocağın eyni vaxtda “oyanmasına” səbəb ola bilər. 

Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dedi ki, aprelin 8-də Xəzər dənizində qeydə alınan 5,3 maqnitudalı zəlzələ təkcə lokal hadisə deyil, əksinə, regionda mövcud  tektonik sistemin, bütövlükdə fəallaşmasına səbəb olub:

– Həmin zəlzələdən sonra qeydə alınan 500-dən çox təkan da  klassik afterşok (təkrar təkanlar) mexanizmidir. Güclü zəlzələ zamanı yer qabığında yığılan enerji kəskin şəkildə boşalır, lakin bu, bir dəfə ilə yekunlaşmır, əsas təkan ətrafındakı qırılma zonalarında balans pozulur və nəticədə daha kiçik ölçülü,  çoxsaylı təkanlar meydana gəlir. Təkanların böyük hissəsi 3–5 bal intervalında dəyişir və onların dağıdıcı potensialı yüksək deyil. Bu baxımdan, hazırda müşahidə olunan seysmik aktivlik təhlükəli prosesin başlanğıcı deyil, baş vermiş güclü enerji boşalmasının “ardıcıl dalğaları” kimi qiymətləndirilir.

Zəlzələlərin mahiyyətini anlamaq üçün dərin qatlarda gedən proseslərə nəzər salmaq vacibdir. Geodinamika və seysmologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, Yer qabığı monolit deyil, müxtəlif ölçülü tektonik plitə və bloklardan ibarətdir. Tektonik plitələr  həm horizontal (yan istiqamətli), həm də vertikal (yuxarı-aşağı) istiqamətlərdə daim hərəkətdədir. Xəzər regionunda isə bu proseslər daha mürəkkəb xarakter daşıyır. Məsələn, parçalanma və bloklaşma zamanı böyük tektonik plitələr daha kiçik bloklara ayrılır, sıxılma və gərginlikdə isə plitələrin toqquşması nəticəsində enerji yığılır. Bunlardan fərqli olaraq gərginlik kritik həddə çatdıqda qırılma baş verir və bu, zəlzələ kimi qeydə alınır. Məhz bu nöqtəyə ocaq deyilir. Burada ayrılan enerji dalğalar şəklində ətrafa yayılır və biz bunu yer səthində təkan kimi hiss edirik.

Zəlzələ yalnız qırılma ilə bitmir. Prosesdən sonra yerin dərin qatlarında  layların genişlənməsi və yenidən tarazlaşma mərhələsi başlayır. Bu isə afterşokların əsas səbəblərindəndir. Başqa sözlə desək, Yer qabığı “yenidən düzülür”. Qırılmış bloklar yeni mövqelərini tapmağa çalışır və bu zaman kiçik ölçülü təkanlar davam edir. Proses bəzən günlərlə, hətta həftələrlə davam edir. Artıq əsas enerji boşalması baş verib və yaxın müddətdə 5 baldan yuxarı güclü zəlzələ ehtimalı aşağıdır. Hər bir seysmik aktiv dövrün son mərhələsi “fon səviyyəsinə qayıdış” adlanır. Yəni təkanların sayı və gücü tədricən azalır və region yenidən nisbi sabit vəziyyətə keçir. Hazırda Xəzər dənizində müşahidə olunan proseslər də məhz bu mərhələyə doğru istiqamətlənib. 

Xəzər dənizində müşahidə olunan mütəmadi zəlzələlər regionun geodinamik baxımdan aktiv zona olduğunu bir daha təsdiqləyir. Statistikaya görə, yanvar ayından bu günə qədər respublikamızın  seysmik zonalarında 3 mindən çox zəlzələ qeydə alınıb ki, bu da aktivliyin yüksək olduğunu göstərir. Son zəlzələlərin mühüm xüsusiyyətlərindən biri onların təxminən 70 kilometr dərinlikdə baş verməsidir.  Məhz  bu günlərdə baş verən zəlzələlər  2000-ci ildə Bakıda ciddi şəkildə hiss olunan və dağıntılara səbəb olan hadisə ilə eyni səviyyədə qiymətləndirilmir. Həmin zəlzələnin episentri və enerji paylanması fərqli geoloji şəraitdə formalaşmışdı.

Qeyd edim ki, hazırda AMEA nəzdində RSXM-nin 84 seysmik stansiyası fəaliyyət göstərir. İl ərzində respublika ərazindəki ­300-ə yaxın poliqonda geofiziki-tədqiqat işləri görülür. Bundan başqa, mərkəzin bölgələrdə geokimyəvi stansiyaları da var və orada kimyəvi tədqiqatlar aparılır. Seysmik stansiyalar şəbəkəsi peyk rabitəsi ilə real vaxt rejimində işləyir və bu cür şəbəkə dünyanın aparıcı bir neçə ölkəsində var. Alınmış məlumatların emalı çoxfunksiyalı və ən müasir texnologiyalarla işləyən ANTİLOPE  proqramı ilə həyata keçirilir. 

Davamlı yeraltı təkanlarla bağlı Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev bildirdi ki, zəlzələlərin dəqiq vaxtını əvvəlcədən proqnozlaşdırmaq bu gün də elmin qarşısında duran ən çətin məsələlərdən biri olaraq qalır: 

– Yeraltı proseslər nə qədər dərindən öyrənilsə də, konkret olaraq “nə vaxt” sualına dəqiq cavab vermək hələlik mümkün deyil. Bu baxımdan, proqnoz anlayışı daha çox ehtimallar və uzunmüddətli müşahidələr üzərində qurulur. Müasir seysmologiya sahəsində zəlzələlərin öyrənilməsi  ehtimal və deterministik yanaşmalara əsaslanır. Alimlər zəlzələlərin başvermə ehtimalını qiymətləndirmək üçün seysmik dərəcəni, zəlzələ ocağının həndəsəsini və proseslərin dinamikasını təhlil edirlər. Lakin bu, yalnız ümumi tendensiyanı müəyyən etməyə imkan verir. Yəni qısa və ortamüddətli proqnozlar müəyyən qədər mümkün olsa da, konkret gün və ya saat üzrə proqnoz vermək hazırda real deyil.

Qlobal təcrübədə zəlzələlərin öyrənilməsi və risklərin qiymətləndirilməsi üç əsas istiqamət üzrə aparılır. Bu istiqamətdə seysmik aktivliyin davamlı monitorinqi həyata keçirilir. Qırılma xətləri öyrənilir, həmçinin əsas zəlzələdən əvvəl baş verə biləcək kiçik təkanlar, yəni ilkin  zəlzələlər  izlənilir. Bundan əlavə, yer qabığının deformasiyası xüsusi cihazlarla müşahidə olunur, məlumatlar əsasında zəlzələlərin təkrarlanma intervalları analiz edilir. 

Müxtəlif dövrlərdə baş vermiş seysmik hadisələr müqayisə olunur və ehtimal modelləri qurulur. Yeni texnologiyaların inkişafı isə seysmologiyada peyk müşahidə sistemləri, GPS ölçmələri və InSAR texnologiyalarının istifadəsini artırıb. Bu texnologiyalar yer səthindəki ən kiçik deformasiyaları belə aşkar etməyə imkan verir. Bununla yanaşı, süni intellekt və maşın öyrənməsi alqoritmləri də artıq seysmik tədqiqatlarda geniş tətbiq olunur. 

Region ölkələri ilə müqayisədə ölkəmizin  seysmik fonu ümumilikdə daha az riskli hesab olunur. Lakin bu tam təhlükəsizdir demək deyil, sadəcə, risk səviyyəsi Türkiyə və İran kimi yüksək seysmik aktivliyə malik ölkələrlə müqayisədə nisbətən aşağıdır. Azərbaycan ərazisində də tektonik proseslər aktivdir, lakin plitələrin hərəkət sürəti və qırılma zonalarının intensivliyi regionun  digər hissələri ilə müqayisədə daha zəifdir. Bu isə o deməkdir ki, ölkədə güclü və dağıdıcı zəlzələlər nadir hallarda baş verir. Daha çox hiss olunan, lakin dağıdıcı olmayan orta və zəif təkanlar müşahidə olunur. Xəzər dənizi geoloji və geodinamik baxımdan olduqca mürəkkəb  regiondur, şimal, orta və cənub hissəsi seysmik baxımdan aktivdir. Dənizin müxtəlif sahələrində paralel şəkildə zəlzələlər baş verə bilər.

Müasir seysmologiya elmində son illər “seysmik sürü” (yaxud “seysmik fırtına”) anlayışı geniş istifadə olunur. Yəni bu, qısa müddət ərzində eyni bölgədə ardıcıl və çoxsaylı zəlzələlərin baş verməsi deməkdir. Son günlər Xəzərdə müşahidə olunan aktivlik də məhz buna uyğun gəlir. 2026-cı ilin ilk aylarında Şamaxı və İsmayıllı ərazilərində qeydə alınan zəlzələlər, eləcə də hazırda Xəzərdə davam edən aktivlik göstərir ki, region yaxın aylarda da seysmik baxımdan aktiv  qala bilər. Hiss olunan təkanlar təbii proses kimi qəbul olunmalıdır, heç bir narahatlığa əsas yoxdur. 

Lakin qeyd etmək lazımdır ki, Bakı və Abşeron yarımadası üçün seysmik risk daim aktivdir. Bunun səbəbləri isə əhalinin sıxlığı, tikililərin çoxluğu və müxtəlifliyi, geoloji quruluşun fərqliliyidir. 

Xəzər dənizində ardıcıl qeydə alınan  təkanların xarakterini düzgün təhlil etmək vacibdir. Unutmaq olmaz ki,  tez-tez təkrarlanan  belə hallar bəzən daha böyük proseslərin xəbərçisi ola bilər. 

Ləman TƏHMƏZ
XQ

 





Sosial həyat