Uzaq tarixdən xəbər verən Şağan qəsəbəsi Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biridir. Həmsöhbətim şağanlı tarixçi-etnoqraf, Xəzər rayon “Ziyalılar” cəmiyyətinin sədri Təvəkkül Səlimov ilk olaraq qəsəbənin tarixi haqqında ətraflı məlumat verdi:
– Arxeoloji qazıntıların nəticələrindən məlum olub ki, hələ eramızdan 3000 il əvvəl bu Şağanda əhali məskunlaşıb. Qəsəbə əhalisi tarixən türkdilli olub. Yaşayış məskəninin Banağan adlanan ərazisində tunc dövrünə aid müxtəlif qayaüstü təsvirlər, o cümlədən astral dünyabaxışını özündə ehtiva edən Günəş, Ay, yerin cəhətləri, kainat simvolları, təsərrüfat və məişət əşyalarının təsvirlərinin qeydə alınması bu həqiqəti təsdiqləməkdədir. XI-XII əsrlərdə kəndin həm əhalisi, həm də ərazisi xeyli genişlənib.
Ümumiyyətlə, Şağanı yer, məkan, coğrafi məfhum və ya toponim kimi bir çox alimlər tədqiq ediblər. Coğrafi məfhum kimi Şağan toponiminin bir neçə izah variantından ən çox həqiqətə uyğun gələn adın məhz etnotoponim olaraq Çağan oğuz eli ilə bağlılığıdır. Məlumat üçün bildirim ki, Şamaxıda 1-ci, 2-ci, 3-cü Çağan adda kəndlər var. Qərbi Azərbaycanda isə bir kənd “Şağankənd” adını daşıyır. Onu da qeyd edim ki, Qazaxıstanda “Şağan” adlı mətbu orqanı çap olunur.
Şağan 1933-cü ildə Mərdəkan kənd sovetinin tərkibinə daxil edilib. 1945-ci ildə ayrılsa da, 1948-ci ildə yenidən birləşdirilib. 1990-cı ildə isə qəsəbə statusu alıb. Milli Məclisin 26 iyul 1994-cü il tarixli Qərarı ilə Şağan Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli yaşayış məntəqələri siyahısına daxil edilmiş, ərazi vahidliyi yaradılıb.
Abşeronun digər sahilboyu kəndləri kimi, Şağanın şəhərsalma strukturu XII əsrin sonu, XIII əsrin əvvəllərində inşa edilib, hündürlüyü 23-24 metrə bərabər dördkünc bürclü qalanın təsiri altında formalaşıb. Burada məscid, pir, ovdan və digər abidələr vardır. Şağanda bir sıra dəyərli tarixi-memarlıq abidələri də qeydə alınıb. Tarixi 1320-1321-ci illərə aid olan qubala-türbəni (alban abidəsi), 1658-ci ildə inşa olunan piri, 1889-cu ildə tikilən məscidi, tarixi 1894-1895-ci illərə təsadüf edilən mədrəsəni, 1895-ci ildə Hacı Atababanın tikdirdiyi hamamı, kənd qəbiristanlığında olan dördsütunlu türbəni (1907), sayı 40 olan sərdabələri (amanat qəbirlər) qeyd etmək olar.
Qəsəbə, həmçinin dini, müdafiə, mülki və arxeoloji, həm də müxtəlif təyinatlı və maraqlı abidələrlə zəngindir. Eyni zamanda dini, müdafiə, mülki və arxeoloji abidələr mövcuddur. Şağanın “vizit kart”ı sayıla bilən dəyərli abidələrdən biri XIV əsrə aid ölkə əhəmiyyətli dairəvi müdafiə qalasıdır. Bu qalanın ətrafında müdafiə qalalarına xas, ətraf mühitlə birbaşa təmasda olan ənənəvi qalaətrafı daşhasar olub, lakin o sonrakı dövrlərdə dağılıb, izləri itib. Güman edilir ki, onun da birinci yarusunun döşəməsində və hasarın həyətində müvafiq sursat və ərzaq quyuları olub, lakin dağıntı zamanı onlar dolub.
Şağan qalası XII-XIII əsrlərdə tikilib. Abşerondakı digər qalalar kimi ağ daşdan tikilən qalanın hazırda 24 metr hündürlüyündəki bir bürcü salamat qalıb. Şirvanşahlar dövründə, XII əsrin sonu, XIII əsrin əvvəllərində müdafiə məqsədilə inşa edilən qalanın hazırkı hündürlüyü 16 metrdir. Əsrlər boyu qanlı toqquşmalarla, təbii fəlakətlərlə qarşılaşan qalaçanın çox hissəsi dağılsa da, bir bürcü dövrümüzə qədər qalıb. Abidənin dağılmasına əsas səbəb kimi 1841-ci ildə baş vermiş güclü zəlzələ göstərilir. Şağan qalası da Abşeronun digər qalaları kimi yeraltı yollara sahibdir. Qalanın içərisində ilk baxışda quyunu xatırladan yeraltı yol vaxtilə Mərdəkan qalalarına aparıb.
Qala qəsəbənin hündür yerində inşa edildiyi üçün üstündən dənizin sahilini və Mərdəkan qəsəbəsini müşahidə etmək mümkündür. 2001-ci ildə Şağan qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. Sevindirici haldır ki, qala turizm marşrutuna salınıb. Turistləri hər zaman burada görmək mümkündür.
İmam Müseyi-Kazım Məscidi yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur. Üzərinə vurulmuş lövhədə onun inşaat tarixi göstərilməyib, lakin tikinti texnikası və plan quruluşuna görə o, XV-XVII əsrlərə aid olduğu güman edilir. Məscid keçən əsrin ortalarına qədər öz funksiyası üzrə fəaliyyət göstərmiş, lakin ciddi qəzalı vəziyyəti ilə əlaqədar dağılıb. 1970-ci ildə “Azərbaycanfilm” tərəfindən bu məscidin qalıqları arasında “Yeddi oğul istərəm” filminin müəyyən kadrlarının çəkilməsini yaşlı nəslin nümayəndələri indi də xatırlayırlar.
1990-1994-cü illərdə məscid, ölçü cizgilərinə və bərpa layihəsinə, həmçinin sökülməmiş əvvəlki divar qalıqlarına əsasən, abidə dövlət tərəfindən tam bərpa olunub. İnteryerdə dörd sütun yerləşir. Giriş tərəfdə olan arxa hissədəki sütunlarla üzüzə dayanan divarın yelkənvari örtüklə birləşdirilməsi nəticəsində qadınlar üçün ikinci yarus yaranıb və o, taxta şəbəkə ilə əsas ibadət zalından ayrılır. Məscidin divarları sal daşlardan tikilib. Günbəz də daşdan tikilib və qum-sement məhlulu ilə suvanıb. Museyi-Kazım məscidindən 1937-ci ildən 1994-cü ilə qədər anbar kimi istifadə olunub. Bundan sonra burada qəsəbə camaatının təşəbbüsü və vəsaiti hesabına rekonstruksiya işləri aparılıb. Bütün bunlara baxmayaraq, məscid öz ilkin formasını qoruyub saxlayıb.
Qubala və Sərdəbala türbələrinin də maraqlı tarixçəsi var. O zamanlar bu ərazidən karvanlar keçdiyindən yolda dünyasını dəyişənləri müvəqqəti bura qoyurlarmış. Mərhumları məzara üzü qibləyə deyil, əksinə, xəzri-gilavar küləyinin istiqamətində dəfn edirmişlər ki, yaxınları nə vaxtsa gəlib aparacaq. Məlumata görə, həmin məzarlardakı insanlar Kərbala, Nəcəf və başqa Şərq ölkələrinə gedən karvan yolçuları olub.
Abşeron yaşayış məntəqələri içərisində istər ərazisinə, istərsə də əhalisinin sayına görə, kiçik qəsəbələrdən olmasına baxmayaraq, buradan respublikamızın ictimai-siyasi, mədəni həyatında kifayət qədər əhəmiyyətli rol oynayan bir çox şəxsiyyətlər çıxıb. Bu şəxsiyyətlər sırasında ölkə həyatında xüsusi rol oynamış çoxsayda tanınmış insanlar var. Belə ki, Rusiya Dövlət Dumasının sabiq üzvü Məmmədyusif Cəfərov, akademik Hacıbəy Sultanov, SSRİ Xalq artisti Qəmər Almaszadə, şair Bəbir Məmmədzadə, bəstəkar, Əməkdar incəsənət xadimi Adil Gəray, Rusiya VI Dövlət Dumasının üzvü Məmmədyusif Cəfərov, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri Heybətqulu Məmmədbəyli, Azərbaycanın ilk olimpiya mükafatçısı Rəşid Məmmədbəyov, musiqişünas, pedaqoq, tarzən və tədqiqatçısı Davud Məmmədbəyov, respublikanın Əməkdar artisti Hamlet Xanızadə, xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikov, təyyarəçilər Yarməmməd Əsədullayev, Tofiq Nəbiyev, Akif Cəbrayılov, ictimai və maarif xadimi, naşir Əlisgəndər Cəfərzadə, gəmi kapitanı SSRİ Ali Sovetinin deputatı Hacımurad Pənahov, Xalq artisti Bəhruz Zeynalov bu qəsəbənin yetirmələridir və adlarını şağanlılar fəxrlə çəkirlər.
Təvəkkül müəllim qədim Şağanın adət-ənənələrinə də toxundu. O, əvvəlki dövrlərdə üç növ toy mərasiminin keçirildiyini söylədi: “Birincisi, zurna-qaval, ikincisi aşıq toyları idi. Bir də dərviş toyları var idi. Dərviş toyları nisbətən az olardı. Son illər bu toyları dəbdədir. Hətta cavan adamlar da dərviş toyu edir. Halbuki, keçmişdə 45-50 yaşlı adamlar dərviş toyu ilə evlənərdi. Deyərdi ki, cavan deyiləm, mənə zurna-qaval toyu etmək yaraşmaz”.
Tarixçi-etnoqraf bir vaxtlar Bakı kəndlərində “at toyu” edilməsindən də bəhs etdi: “Kənd təsərrüfatı ilə məşğul olan adamlar üçün at ən yaxşı nəqliyyat vasitəsi idi. Kəndlinin atı öləndə camaat yığışıb onun evinə gedirdi. Qabaqcadan da xəbər verilirdi ki, yemək hazırlansın. Ev sahibi artıq söhbəti başa düşürdü. 20-30 adam gəlib pul verirdi və yığılan pulla at alınırdı. Buna da “at toyu” deyirdilər”.
Bu gün Bakı şəhərinin ətraf qəsəbələri kimi Şağan da tanınmaz dərəcədə dəyişib. Müasir təhsil sisteminin tələblərinə cavab verən 750 yerlik tam orta məktəb, uşaq bağçası əsaslı təmir olunub. Dörd qəsəbənin uşaqlarına tibbi xidmət göstərən uşaq ambulatoriyası, rayonda hələ ki, yeganə olan Şağan Olimpiya İdman Kompleksi, poçt, Mədəniyyət Mərkəzi, həmçinin məscid və digər ictimai-sosial binalar inşa edilərək qəsəbə sakinlərinin istifadəsinə verilib.
Müşfiq MİRZƏ
XQ


