Gəncədə doğum günü sevincinə dövlət qayğısı qatıldı

post-img

Gəncədə daha bir yaddaqalan və duyğulu an yaşanıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və millət vəkili Pərvin Kərimzadə Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində yaşayan Həsənli Şəlalə Şövqi qızının doğum günündə iştirak ediblər.

Səmimi şəraitdə keçən görüşdə Şəlalənin sevincinə şərik olan qonaqlar onu ad günü münasibətilə ürəkdən təbrik edib, xoş arzularını çatdırıblar. Niyazi Bayramov və Pərvin Kərimzadə Şəlalə ilə söhbətlərində onun arzuları, maraqları və gələcək planları ilə yaxından maraqlanıblar. Görüş zamanı Şəlaləyə hədiyyə də təqdim olunub.

Bu səmimi görüş bir daha göstərib ki, uşaqlara göstərilən diqqət və qayğı onların yalnız gündəlik həyatına deyil, mənəvi dünyasına, gələcəyə inamına və cəmiyyətə bağlılıq hissinin güclənməsinə də mühüm təsir göstərir. Xüsusilə valideyn himayəsindən məhrum uşaqlar üçün belə anlar unudulmaz xatirəyə çevrilir, onlara sevgi, diqqət və qayğını daha yaxından hiss etdirir.

4 saylı Uşaq evinin direktoru Nazilə İsmayılova da çıxışında müəssisəyə və burada yaşayan uşaqlara göstərilən diqqəti yüksək qiymətləndirib. O, bu qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də müəssisəyə baş çəkən qonaqlara dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Şəlalə Həsənli ictimai fəallığı ilə seçilən uşaqlardandır. O, müxtəlif dövlət tədbirlərində fəal iştirak edir, bacarığı və istedadı ilə diqqət çəkir. Şəlalənin uğurları sırasında 2025-ci il 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən “Konstitusiya və suverenlik uşaqların gözü ilə” mövzusunda ənənəvi uşaq rəsm müsabiqəsində qazandığı III yer də yer alır.

Şəlalənin doğum günü münasibətilə keçirilən bu görüş təkcə təbrik xarakterli tədbir olmayıb, həm də uşaqlara göstərilən mənəvi dəstəyin, qayğının və humanist münasibətin ifadəsinə çevrilib. Belə diqqət hər bir uşağın həyatında ümid, sevinc və yeni uğurlar üçün güclü stimul yaradır.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri













Sosial həyat