6 aprel 2026-cı il tarixdə Masallı rayonunun Viləş kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aprel döyüşləri şəhidi Əsgərli Nurlan Bayram oğlunun anım günü qeyd edilmişdir.
Anım günündə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin Deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və digər rəsmi şəxslər, həmçinin şəhid ailələri iştirak etmişlər.
Tədbirin aparıcısı, Masallı Rayon Güllütəpə kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rövşən Muxtarov hər kəsi salamlayaraq bildirdi ki, bu gün biz Nurlan Əsgərlinin timsalında yalnız bir şəhidimizi deyil, bütövlükdə Vətən uğrunda canından keçmiş bütün qəhrəmanlarımızı yad edirik. Onların göstərdiyi şücaət, qəhrəmanlıq Azərbaycan tarixində əbədi yaşayacaqdır.
Sonra qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirildi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov bildirdi ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı.
Tədbirdə çıxış edən Milli Məclisin Deputatı Məşhur Məmmədov bildirmişdir ki, aprel döyüşləri kimi tarixləşən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.
Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Məhz bu döyüşlərdə qazanılan qələbə ruhu sonrakı böyük Zəfərin əsasını qoydu. Masallı rayonundan da bu döyüşlərdə iki şəhidimiz oldu. Biz həmin qəhrəmanlarımızı minnətdarlıqla xatırlayırıq. Bu gün 10 il keçsə də, onların xatirəsi, igidliyi və vətənə olan sevgisi bizlər üçün həmişə canlıdır.
Sonra çıxış edənlər, “Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbinin Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri İntiqam Nəsirov bildirdi ki, gizir Nurlan Əsgərli 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Nurlan Əsgərli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.Qardaşı İntiqam Əsgərli də Aprel döyüşlərində iştirak edib. Qardaşının cansız bədənini döyüş meydanından özü çıxarmış və bir gün intiqamını alacağına söz vermişdi. Qəhrəman gizirimiz Şuşa döyüşlərində sözünü tutdu, şəhid qardaşının qisasını aldı. Bu yolda özü də şəhidlik mərtəbəsinə ucaldı. “Vətən müharibəsi qəhrəmanı” adına layiq görüldü.Azərbaycan dövləti hər zaman şəhid ailələrinin və qazilərin yanında olmuşdur və bundan sonra da olacaqdır.
Tədbirin davamında Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbinin şagirdi və Masallı Dövlət Regional Kollecinin tələbələri ədəbi-bədii kompozisiya təqdim etdi.
Yekun olaraq şəhid Nurlan və İntiqam Əsgərlilərin anası Ziba Əsgərli çıxış edərək anım mərasimində iştirak edən hər kəsə təşəkkür etdi. Bildirdi ki, şəhidlər vurulan zaman deyil, unudulan zaman ölür. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını ifadə etdi.
Sonra qəhrəman şəhidlərimiz Nurlan və İntiqam Əsgərlilərin ömür yolunu yaşadan, xatirələrini qoruyub saxlayan ev muzeyi ziyərət edilmiş. Xatirə kitabına ürək sözləri yazılmışdır.
Anım mərasimi Viləş kənd məscidində ehsan süfrəsi ilə yekunlaşmışdır.
Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan «Yeni həyat» qəzetinin və eyni adlı saytın Baş redaktoru











