Tərtərin İrəvanlı kəndində çərşənbə çal-çağırı

post-img

Tərtər rayonunun İrəvanlı kəndində Yel çərşənbəsi böyük ruh yüksəkliyi və bayram ovqatı ilə qeyd olunub. Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Mədəniyyət İdarəsi Tərtər nümayəndəliyi, Qərbi Azərbaycan İcmasının rayon nümayəndəliyi və Mamırlı bələdiyyəsinin birgə təşkil etdiyi şənlikdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, mədəniyyət işçiləri, kənd ağsaqqalları və sakinlər iştirak ediblər.

El şənliyində Novruz çərşənbələrinin mahiyyəti, xalq inanclarındakı yeri haqqında danışılıb. Bayram tonqalı coşqu yaradıb. Tonqal başına toplaşan sakinlər qədim adətlərə uyğun olaraq od üzərindən atlanaraq yeni ilin bərəkət və uğur gətirməsini arzulayıblar. Bayram süfrəsində sacda bişirilən kətə, qovurğa və çərşənbə şirniyyatları qonaqlara təqdim olunub.

Şənlik milli musiqi sədaları altında davam edib. Kənd gəncləri tonqal ətrafında yallı gedib, pəhləvanlar güc və məharətlərini nümayiş etdiriblər. Bayram ovqatı ilə müşayiət olunan mərasimdə qədim ənənələr, xalq inancları və Novruz ruhu hamıya xoş əhval bəxş edib.

Mərasimdə kənd sakinləri Qərbi Azərbaycana qayıdacaqları günün uzaq olmadığını dilə gətiriblər.

Vəli VƏLİYEV
XQ

Sosial həyat