Hər el-obanın özəl xüsusiyyətləri olur. Məsələn, Göyçə mahalının Nərimanlı kəndi digər fərqli cəhətləri ilə bərabər, 170 həkimin ata yurdu olması ilə öyünə bilər. Bu baxımdan Yardımlı rayonunun Bozayran kəndi də seçilən məkanlardandır. Viləş çayının sağ sahilində yerləşən və 2 mindən az əhalisi olan bu kəndin 40-a qədər övladı ali tibb təhsili alaraq şərəfli həkim peşəsinə yiyələnib.
Qeyd edək ki, qonşu Cəlilabadda da eyniadlı kənd var və oxşar cəhətlər çoxdur, amma Yardımlının Bozayranı məhz yüksəktəhsilli həkimlərinin sayı ilə fərqlənir. Maraqlıdır ki, ucqar aqrar rayon olan Yardımlının bu kəndində tibb sahəsinə maraq haradan qaynaqlanıb? Bu sualla bağlı sorğularımıza bitkin bir cavab ala bilməsək də, bəzi nüansları öyrəndik. Həmsöhbətlərimiz dedilər ki, bu, bəlkə də ötən əsrdə ərazidə bəzi xəstəliklərin artması, amma müalicə üçün imkanın olmaması ilə əlaqədar olub. Bu üzdən kənd məktəbinin 1–2 məzunu həkim olub el-obanın sağlamlığı keşiyində durmaq istəyib. Beləcə, qonum-qonşunun uşaqları da bir-birinin bəhsinə ali təhsilli ağxalatlı olmağı qərara alıblar.
Səbəb-nəticə əlaqəsinə aid edilə bilən bir fakt da maraqlıdır. Ağsaqqallardan eşitdiyimizə görə, 1943-cü ildə Azərbaycan rəhbəri Mircəfər Bağırov Yardımlıda olarkən oraya təyinatla gəlmiş və xəstəxanada tibb bacısı işləyən bir xanım – Yeva Vasilyeva qeyri-adi cəsarət göstərərək deyib ki, burada camaatın sağlamlığını qorumağa gəlmişəm, amma kirayədə qalıram. Həm aldığım maaşın çox hissəsi kirayə puluna gedir, həm də özgə evidir deyə, təzyiq ölçdürməyə, iynə vurdurmağa gələnlərə kömək edə bilmirəm. M.Bağırov tibb bacısının dərhal evlə təmin olunmasına göstəriş verib. Adi bir ağxalatlıya olan bu hörmət örnəyi də gənc bozayranlıların tibb sənətini seçməsində müəyyən rol oynayıb.
Ağsaçlı terapevt-rentgenoloq Bağı Şabiyev uzun illər doğma rayonda işləmiş ən yaxşı həkimlərdəndir. Neçə il öncə onun dediyi sözləri xatırlayırıq: “Bizim Bozayran ziyalılar, o cümlədən həkimlər kəndidir. Təsəvvür edin ki, 2 mindən az əhalisi olan bu kəndin 35 nəfər yetirməsi həkimdir. Əlbəttə, fəxr olunası haldır. Həmişə gəncləri bu gözəl ənənəni davam etdirməyə çağırıram”.
Qeyd edək ki, Bozayranda Şabiyevlərin 5 nümayəndəsi ömrünü həkimliyə həsr edib. Bağı həkimin qardaşı İdris, oğulları – mərhum Mütəllim və Aqil, eləcə də Güləli, Səttar, Mirzağa Şabiyevlər bu sənəti seçiblər. Yeri gəlmişkən, kənddə belə sülalələr az deyil: Babək, Vidadi, Sabit, Həmid Əzimovlar, Firdovsi, Bəxtiyar, Afiq, Mehman Abbasovlar, Davud, Vəli, Maqsud Qurbanovlar və başqaları. Özü də respublikanın müxtəlif şəhər və rayonlarında işləyərək, ad-san, hörmət-izzət qazanıblar.
Taleyini Sumqayıtla bağlamış Firdovsi Abbasovu 40 ildir ki, tanıyıram. Uzun illər Uşaq Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışıb. Əməkdar həkimdir. Övladlarımızın, nəvələrimizin müayinə və müalicəsini həmişə ona ürəklə etibar etmişik. Heç vaxt bizi zənnimizdə yanıltmayıb. İndi pensiyada olsa da, yenə uşaqların sağlamlığı keşiyində layiqincə dayanır.
Vidadi Əzimov Hippokrat andı içmiş 3 qardaşdan biridir. Azərbaycan Tibb Universitetinin müalicə və proflaktika fakültəsini bitirib. Sonra Respublika Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə fakültəsində kurs, Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçərək, cərrah ixtisasına yiyələnib. Bir neçə il Ankarada çalışaraq, müasir endoskopik-laparoskopik cərrahi əməliyyatları üzrə ixtisaslaşıb. 2005-ci ildən bu günədək Sumqayıtdakı “Real Tibb Mərkəzi”ndə fəaliyyətini davam etdirir, uzun müddət baş həkim olub. 3300-dən çox uğurlu əməliyyat keçirib.
Hazırda Xızı rayonunda həkim-cərrah peşəsində çalışan Babək Əzimli 1959-cu ilin yanvarında rayon Bozayran kəndində anadan olub. Həkimliyinin ilk 8 ili doğma rayonu Yardımlıda – Rayon Mərkəzi Xəstəxanasında keçib. Sonra düz 35 il Sumqayıtda, 1 nömrəli Şəhər Xəstəxanasında çalışıb və bacarıqlı cərrah kimi tanınıb. Peşəsinə olan sevgisi hər gün uzun məsafə qət edərək Xızıya getməsinin əsas stimuludur...
***
Ötən ay Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin 7-ci ildönümü münasibətilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Doğma Torpağa Dəstək: Yardımlı Həkimlərinin Qurultayı” adlı maraqlı konfrans keçirilib. Dağlıq bölgələrdə səhiyyənin inkişafı, kadr potensialının qorunub saxlanması və vətəndaş cəmiyyətinin səhiyyə idarəetməsindəki rolu ətraflı müzakirə olunub. Tədbir rayonu təmsil edən təbiblərin peşəkar birliyi ruhunda keçib, orada Bozayrandan çıxmış həkimlər xüsusilə fərqləniblər.
Bozayranlı təbib dostlarımla hər görüşəndə zarafatla soruşuram: “Kəndiniz nə qədər həkim “istehsal” edib?”. Fəxrlə cavab verirlər. Bu dəfə isə onu da öyrəndim ki, kənd məktəbinin gənc məzunları da ənənəyə sədaqət nümayiş etdirirlər. Hazırda Vəli Qurbanlı, Emin Məcidli, Rakif Həsənli, Şəhram Manafov, Aynur Abdulova və Polad Hadizadə Azərbaycan Tibb Universitetində oxuyur və şərəfli sənətin incəliklərini öyrənirlər.
İnanırıq ki, bozayranlı tələbə-həkimlər də peşənin sirlərinə dərindən yiyələnəcək və yüksək bilikli mütəxəssislər kimi tanınacaqlar. Axı, qarşılarında gözəl nümunə var.
Ə.NƏCƏFXANLI
XQ


