Keçmişin yadigarı - “Qulin dəyirmanı”

post-img

Keçmişin yadigarı olan “Qulin dəyirmanı” Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşir.  Bu çörək təknəsi 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində cənub bölgəsində Avropa texnologiyaları əsasında Qulin adlı birinin təşəbbüsü ilə tikilib. Məlumat üçün deyək ki, Qulin  buraya  kompakt şəkildə yaşamış rus əsilli dövrün köçürülmə  molokanı olub.

Hazırda da öz qədimliyi qoruyub saxlayan  tarixi dəyirman bir vaxtlar təkcə Cəlilabadın deyil, həm də ətraf bölgələrin un tələbatını ödəyən əsas istehsal mənbələrindən biri olub. Sovet dövründə hamam kolxozun balansına verilib.  Müstəqilliyin ilk illərində də müəyyən müddət fəaliyyət göstərib. Yaxın zamanlarda, yəni  bölgədə  müasir müəssisələrin istifadəyə verilməsi ilə işini dayandırıb.

Bir əsrə yaxın yaşı olan dəyirman  üç mərtəbədən ibarətdir. Buradakı  iş prosesi xüsusi ardıcıllıqla təşkil olunub. Belə ki, taxıl əvvəlcə üçüncü mərtəbədə təmizlənir, daha sonra ikinci mərtəbədə yerləşən üyütmə dəzgahlarına yönləndirilirdi. Birinci mərtəbədə isə prosesə nəzarət edən avadanlıqlar fəaliyyət göstərirdi. Həmin illərdə dəyirmanda molokanlarla yanaşı, yerli azərbaycanlılar da çalışıb.

Yuxarıda dediyim kimi, cənub bölgəsinin tarixində mühüm yeri olan bu Avropa texnologiyalı ilk çörək təknəsi-  “Qulin dəyirmanı “ bu günə qədər öz  dayanıqlılığını qoruyub saxlayır. Qırmızı kərpicdən inşa olunmuş əsas divarlar çox  möhkəmdir. Amma  palçıqla hörülmüş bəzi hissələrdə xırda çatlar yaranıb. 

Tarixi adidə olaraq dəyirmanı gələcək nəsillər üçün də yadigar saxlamağa dəyər.

Zəfər ORUCOĞLU 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sosial həyat