Füzulidə tikilən müasir səhiyyə ocağının növbəti il istifadəyə verilməsi planlaşdırılır

post-img

İşğaldan azad edildikdən sonra Füzuli şəhərində genişmiqyaslı tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Uzun illər viran qalmış ərazilərdə bu gün yeni yaşayış massivləri, sosial infrastruktur obyektləri, yollar və mühüm əhəmiyyət daşıyan səhiyyə müəssisələri inşa olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən dirçələn Füzuli müasir şəhər konsepsiyası əsasında formalaşdırılır, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılır. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri də Füzuli Rayon Mərkəzi Xəstəxanasının tikintisidir.

Füzuli Rayon Mərkəzi Xəstəxanası layihəsinin sahə mühəndisi Elgün Nəcəfovun verdiyi məlumata görə, tikinti işlərinə 2025-ci ilin birinci rübündə başlanılıb və layihənin 2027-ci ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur.

"Xəstəxananın ümumi sahəsi 4,5 hektardır. Kompleks bir əsas korpus və 6 köməkçi binadan ibarətdir. Əsas korpus zirzəmisi olan 2, 3 və 4 mərtəbəli binalardan təşkil olunacaq. Köməkçi binalar isə zirzəmisi olan 2–3 mərtəbəli tikililər və zirzəmisi olmayan birmərtəbəli binadan ibarətdir. Əsas korpusda 180 çarpayılıq stasionar şöbə, əməliyyat otaqları, poliklinika və təcili tibbi yardım mərkəzi fəaliyyət göstərəcək. Köməkçi binalarda isə ekspertiza şöbəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, mətbəx-qazanxana, camaşırxana və infeksion şöbə yerləşəcək.

Xəstəxana ərazisində, həmçinin bir ədəd nasosxana, içməli su anbarı və yanğın əleyhinə su anbarının tikintisi də aparılır. Hazırda ərazidə dəmir-beton konstruksiya işləri tam yekunlaşıb, hörgü, suvaq və digər daxili işlər davam etdirilir. Tikinti işləri peşəkar heyət tərəfindən aparılır, istifadə olunan bütün materiallar dövlət norma və standartlarına uyğun olaraq seçilir, əvvəlcədən keyfiyyət yoxlamasından keçirildikdən sonra tətbiq olunur”, - deyə sahə mühəndisi bildirib.

Tikinti işlərində çalışanların əksər hissəsi də Füzuli sakinləridir. Nürəddin Nəsirov doğma torpaqlarda çalışmağın onun üçün qürur olduğunu deyir: "30 ilə yaxın həsrətində olduğumuz torpaqlara qayıtmaq böyük sevincdir. Bir an belə ümidimizi itirmədik. Artıq bir il yarımdır ki, Füzulidə yaşayıram və burada aparılan tikinti işlərində, doğma rayonumuzun yenidən qurulmasında iştirak edirəm. Bir Füzuli sakini olaraq bu işdə çalışmaq mənim üçün böyük qürur mənbəyidir.

Bu torpaqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü Ordumuzun sayəsində azad olunub. Qəhrəman oğullarımız bu torpaqlar uğrunda canlarını fəda ediblər. Buna görə torpağımızın hər qarışı bizim üçün həm doğma, həm də müqəddəsdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün azad torpaqlarımız yenidən canlanır, dirçəlir. Hər yerdə tikinti və quruculuq işləri gedir. Mən də bir Füzuli sakini kimi burada çalışmaqdan fəxr edirəm", - deyə Nürəddin Nəsirov bildirib.



































Sosial həyat