Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin ikinci mərhələsinə başlanılacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, özünüməşğulluq proqramının genişləndirilməsində mühüm rola malik olan layihə 2026–2029-cu illəri əhatə edəcək.
Onun həyata keçirilməsində başlıca məqsəd əlilliyi olan şəxslər, müharibə iştirakçıları və şəhid ailələri üzvləri, qadınlar və digər həssas qruplara aid şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmağına dəstəkdən ibarətdir.
“Məşğulluğa Dəstək Layihəsi”nin 2020-2025-ci illəri əhatə edən ilkin mərhələsində 22 min işsiz şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulsa da, onun uğurlu icrası nəticəsində ümumilikdə 26,7 min nəfər cəlb edilib. Növbəti mərhələdə daha 30 min nəfərin kiçik bizneslərin qurmasına dəstək göstərilməsi nəzərdə tutulur.
“Məşğulluğa Dəstək Layihəsi” uğurlu icra edildiyinə görə 2024-cü ildə Dünya Bankının yüksək mükafatına layiq görülüb.

