2025-ci ildə Tərtərdə 482,8 hektar sahədə yeni meyvə bağları salınıb

post-img

Tərtər rayonunda meyvəçilik və tingçilik kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son dövrlər aqrar sektorun digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Həyata keçirilən tədbirlər nəticəsində yeni bağlar salınır, məhsul istehsalında artım müşahidə olunur. Yeni salınan bağların böyük əksəriyyəti intensiv bağçılıq təsərrüfatlarıdır.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda 2616,3 hektar meyvə bağları və giləmeyvəlik, 7,1 hektar üzümlüklər var. Meyvə bağları və giləmeyvəliklərin 1999,9 hektarı bar verəndir. Həmin bağlardan 2025-ci ildə 22 min 462,7 ton meyvə və giləmeyvə, 56,7 ton üzüm yığılıb. Hər hektardan orta məhsuldarlıq meyvə və giləmeyvə üzrə 111,8 sentner, üzüm üzrə 79,9 sentner olub.

İl ərzində 482,8 hektar sahədə yeni meyvə bağları, o cümlədən 366 hektarda şaftalı, 86,5 hektarda xurma, 16,3 hektarda gilas, 9 hektarda əncir, 5 hektarda ərik bağı salınıb. Yeni salınmış meyvə bağlarının 440,8 hektarı intensiv meyvə bağlarıdır.

Tərtər rayonu respublikamızda meyvə və dekorativ ağac tinglərinin yetişdirildiyi məkan kimi də tanınır. Fermerlərin yetişdirdikləri tinglərdən respublikanın bütün regionlarında bağların salınmasında istifadə edilir. 2025-ci ildə rayonun təsərrüfatlarında 2 milyon 955 min ədəd meyvə tingi, 862 min ədəd dekorativ bitki tingi yetişdirilib.

İqtisadiyyat