Samux rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Əslində bu aksiya təkcə ağac əkmək deyil, həm də gələcəyə nəfəs vermək, torpağa sevgi aşılamaq məqsədi daşıyırdı.
Samux rayonunun Ziyadlı kəndində, Samux–Kür yolunun ətrafında təşkil olunan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Hər kəs bu aksiyada bir amal ətrafında birləşib:təbiəti qorumaq və yaşıllığı artırmaq.
Aksiya çərçivəsində rayonun iqlim şəraitinə uyğun olan 300 ədəd həmişəyaşıl ağac əkilib. Yeni əkilən ağacların sağlam böyüməsi üçün müasir damlama suvarma sistemi də qurulub. Bu, təbiətə göstərilən qayğının yalnız bu günlə məhdudlaşmadığını, gələcək nəsillər üçün düşünülmüş bir addım olduğunu göstərir.
Ağacəkmə aksiyası ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası və yaşıl mühitin formalaşdırılması baxımından mühüm ictimai təşəbbüsdür. Bu cür tədbirlər yaşıllıq sahələrinin genişləndirilməsinə, havanın keyfiyyətinin yaxşılaşdırılmasına, torpaq eroziyasının qarşısının alınmasına və iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılmasına xidmət edir.
Belə aksiyalar yalnız ekoloji deyil, eyni zamanda dərin sosial və tərbiyəvi məna daşıyır. Xüsusilə gənclərin və könüllülərin ağacəkmə prosesində fəal iştirakı onlarda təbiətə sevgi, məsuliyyət hissi və vətəndaşlıq şüurunu gücləndirir. Birgə görülən bu xeyirxah iş cəmiyyətdə həmrəyliyi möhkəmləndirir, ekoloji mədəniyyətin formalaşmasına və təbiətə daha həssas yanaşmaya töhfə verir.
Əkilən hər bir ağac sabaha olan ümid, təbiətə olan sevgi və yaşıl gələcəyimiz üçün atılan dəyərli bir addımdır.
Təbiəti sevək, ağacı qoruyaq, yaşıllığı artıraq. Çünki yaşıl dünya sağlam gələcək deməkdir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri




