Goranboy rayonunda qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası ilə bağlı görülən tədbirlər davam etdirilir.
Goranboy şəhəri Cəfər Cabbarlı küçəsi, 4 nömrəli ünvanda yerləşən, 5 mərtəbədən və 60 mənzildən ibarət yaşayış binasında baş vermiş çökmə hadisəsindən sonra yaranmış problemlərin operativ şəkildə həlli məqsədilə Goranboy Rayon İcra Hakimiyyəti başçısının yanında formalaşdırılmış qərargah ərazidə fasiləsiz fəaliyyət göstərir.
Qərargahın üzvləri və aidiyyəti qurumların məsul əməkdaşları hadisə yerində vəziyyəti nəzarətdə saxlayır, təhlükəsizlik və bərpa məsələləri üzrə zəruri addımlar atırlar. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev icra hakimiyyətində bina sakinlərinin bir qrupu ilə görüş keçirərək mövcud vəziyyətlə bağlı onları ətraflı məlumatlandırıb. Görüş zamanı bildirilib ki, problemin həlli istiqamətində müvafiq dövlət qurumları ilə koordinasiyalı iş aparılır.
Qeyd edilib ki, bina sakinlərinə məişət əşyalarının daşınmasında köməklik göstərilib və onların müvəqqəti yaşayışı üçün bir illik kirayə haqlarının ödənilməsi təmin olunub.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri




