Meyvələrdən üç meyvə var...

post-img

Azərbaycanın milli meyvəsi, sevgi və bərəkət rəmzi olan nar mətbəximizdə əsas yerlərdən birini tutur. Nardan hazırlanan şirələr, narşərab, çeşidli yeməklər və təamların mətbəx mədəniyyəti və milli adət-ənənələrimizin qorunub saxlanmasında əsas rolu var. Bu meyvə uzunmüddətli məhsuldarlıq və bolluqla əlaqələndirilir. Keçmiş əfsanələrdə nar ehtiras və məhəbbət simvolu kimi də dəyərləndirilir. Din adamları isə narı əbədiyyət simvolu kimi görürlər.

Qədim nar yurdu sayılan Göyçayda min illərdir nar bağları salınır. İlk dəfə idi ki, Göyçay şəhərinə gedirdim. Əsas məqsədim Azərbaycanın milli markası hesab olunan narşərabın ev şəraitində hazırlanma üsulu ilə tanış olmaq idi. Burada Afət xanımın qonağı olduq. Afət Paşayeva 1966-cı ildə Göyçay şəhərində anadan olub. Gözünü açandan ailəsi təsərrufat işləri ilə məşğul olur. Buna görə də Afət xanım təsərrufat işlərini çox sevir. Hər il payız mövsümü gələndə narşərab və nar şirəsi hazırlayır. O deyir ki, bütün bunları özünəməxsus tərzdə düzəldir: - Əvvəlcə, narşərabı nə cür hazırlayıram, bu barədə danışmaq istəyirəm. Dadı şirin olduğu üçün gülöyşə nardan istifadə edirəm. Narın qabığını təmizləyib dənələyirəm. Yaxşı yuduqdan sonra qazın üzərində qaynadıram. Sonra əzib aşsüzəndən keçirdirəm. Yenidən süzülmüş halda qaynadıram. Bu zaman üzərinə kəf yığılmağa başlayır. Kəf yığıldıqca onu təmizləyirəm. Bu zaman narşərabın rəngi daha şəffaf və parlaq olur. Hazır olmağına 15 dəqiqə qalmış qədərində duz əlavə edirəm. Bir az kənarda qalır. Tam qatılaşandan sonra isə qablara yığıram. Bundan əlavə, ev şəraitində təbii nar şirəsi də hazırlanır. Müasir dövrdə onu daha çox xüsusi alət vasitəsilə sıxıb suyunu çıxarırlar. Ancaq mən narı dənələdikdən sonra əlimlə sıxıb şirəsini çıxarıram. Daha sonra balonlara doldurub bir qədər gözləyirəm. Bir müddətdən sonra baxırsan ki, çöküntü əmələ gəlir. Sonra, bir dəfə də süzüb aroma butulkalarına yığıb qaynadıram. Bu zaman nar şirəsinin rəngi daha gözəl olur. Sanki, gül suyunu xatırladır. Bütün bunları əsasən, ailəm üçün hazırlayıram. Qohum, qonşu və ya tanışlardan kimsə istəyəndə hazırladığım məhsulları satıram. 

Söhbətimiz çox maraqlı alındı. Digər təsərrufat işləri ilə də tanış olduqdan sonra  xoş təəsuratlarla oradan ayrıldım. 

Xatırladım ki, Göyçay Azərbaycanın nar paytaxtı kimi tanınsa da burada əhali kənd təsərrufatı sahəsi ilə bağlı olan meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla da məşğul olur. Nar emalı müəssisələri isə əhalinin işlə təmin olunmasında mühüm rol oynayır. Hər il Göyçayda keçirilən və YUNESKO tərəfindən tanınan Nar Festivalı rayonun iqtisadi mədəni əhəmiyyətini daha da artırır. Nardan təkcə kulinariyada istifadə olunmur, sənətkarlıqda, dekorativ sənətdə, miflərdə, nağıllarda və digər yaradıcılıq sahələrində geniş rast gəlinən meyvələrdəndir. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən olan Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Tahir Salahov, Sakit Məmmədov, Arif Hüseynov əsərlərində nar mövzusuna dəfələrlə müraciət etmişlər. Bir çox müalicəvi xüsusiyyətlərlə zəngin olan nar tarix boyu dünyanın dinləri və mədəniyyətləri tərəfindən hörmətlə qarşılanmışdır. Qədim yunanlar onu yeraltı dünya ilə əlaqələndirirdilər. Yəhudi inanclarına görə isə narın Tövratdakı əmrlərin sayını təmsil edən 613 toxumdan ibarət olduğu göstərilir. Buddizm dinində isə pis ruhlardan qoruduğuna inanılır. Hətta, müasir dövrdə narla bağlı bolluq-bərəkət ritualı da var. Bunun kökü Qədim Misirə və Şamanizm dövrünə gedib çıxır. İnanclara görə, niyyət edib narı evin çöl qapısından içəriyə doğru atmaq arzuların daha tez reallaşmasını göstərir. Qırılan narı isə bütün ailə üzvləri yeməlidir. Qapımızda nar qırmaq il boyu bolluq-bərəkət enerjisinin bizimlə olacağı inancını daşıyır. 
 
Fidan Salmanova
XQ
 



Sosial həyat