Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Agentliyin müfəttişləri tərəfindən Oğuz şəhəri, Rəşid Behbudov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Rzayev Mehman Mehdi oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, çənin üzərində quraşdırılmış qoruyucu klapanların növbəti yoxlamasının aparılmadığı, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə olunan rezin parçalı qolların hidravlik sınağının keçirilmədiyi, həmçinin məntəqədə istismar olunan qurğu və avadanlıqların torpaqlama müqavimətinin yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
P.ƏMİRCANOV
XQ