ASCO-da iqlimlə bağlı korporativ idarəetmə layihəsi üzrə yekun görüş keçirilib

post-img

AZCON Holding şirkətlərindən olan ASCO-da İqlimlə Əlaqəli Korporativ İdarəetmə (Climate-related Corporate Governance – CCG) layihəsi çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və layihə üzrə məsləhətçi xidməti təqdim edən “Ernst&Young” (EY) şirkətinin nümayəndələri ilə yekun görüş keçirilib.

Görüş zamanı ASCO-nun iqlim dəyişiklikləri ilə bağlı risk və imkanlara hazırlığı, bu faktorların şirkətin strateji inkişaf planlarına və uzunmüddətli hədəflərinə inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin layihə çərçivəsində hazırlanmış “CCG Fəaliyyət Planı” və “Davamlılıqla Əlaqəli Kreditlər (SLL) üzrə Fəaliyyət Planı” təqdim olunub.

CCG layihəsi ASCO-nun fəaliyyətində iqlimlə bağlı risk və imkanların daha effektiv nəzərə alınmasını, bu sahədə qərarvermə və planlaşdırma proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını hədəfləyir. Hazırlanmış “CCG Fəaliyyət Planı” şirkətin Paris İqlim Sazişinin məqsədlərinə uyğun fəaliyyətə keçidini təmin etməyə xidmət edir.

Layihənin əsas komponentlərindən biri olan “Davamlılıqla Əlaqəli Maliyyələşdirmə Çərçivəsi” (Sustainability-Linked Finance Framework – SLFF) vasitəsilə ASCO-nun beynəlxalq maliyyə bazarlarında davamlılıqla əlaqəli kreditlər (SLL) və istiqrazlar (SLB) kimi maliyyə alətlərinə çıxışı asanlaşdırılır. Bu isə şirkətə iqlim məqsədlərinə nail olmaq üçün tələb olunan maliyyə resurslarını daha əlverişli şərtlərlə cəlb etməyə imkan verəcək.

Görüşdə, həmçinin şirkət üzrə iqlim risklərinin ssenari analizi, fiziki və keçid risklərinin qiymətləndirilməsi, eləcə də TCFD (Task Force on Climate-related Financial Disclosures) və AYİB-in “CCG Qiymətləndirmə Metodologiyası” əsasında aparılmış korporativ idarəetmə təhlilinin nəticələri təqdim edilərək müzakirə olunub.







Sosial həyat