Ədliyyə Nazirliyi tərəfindən gənclərin inkişafına, peşəkar bacarıqlarının artırılmasına və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına xidmət edən “Ədliyyə könüllüləri” proqramı uğurla icra olunmaqdadır.
2019-cu ildən həyata keçirilən proqramın növbəti mərhələsi dövrün tələblərinə, eləcə də yerli və beynəlxalq təcrübələrə əsasən yenilənmiş formatda ictimaiyyətə təqdim olunub.
Təqdimatın açılış mərasimində ədliyyə nazirinin müavini Abiddin Hüseynov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, deputatlar - Tural Gəncəliyev, Nurlan Həsənov, Gənclər Fondunun icraçı direktorunun müavini Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxış edib.
Açılış mərasimindən sonra keçirilən panel müzakirələrdə könüllü fəaliyyətin təşkil olunduğu ədliyyə orqanları - Notariat, qeydiyyat və reyestr baş idarəsi, Probasiya xidməti və İnsan resursları idarəsinin rəisləri ilə görüş keçirilib. İnteraktiv formatda keçirilmiş panel müzakirələrdə proqramda iştirak edəcək könüllülər ədliyyə orqanlarının fəaliyyəti barədə ətraflı məlumatlanıb, suallar ünvanlayıb və təcrübəli peşəkarlarla birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
Qeyd edək ki, yenilənmiş proqram çərçivəsində Ədliyyə Nazirliyinin aparat və tabeli qurumlarında 15 müxtəlif fəaliyyət istiqaməti üzrə könüllülük proqramlarının həyata keçirilməsi planlaşdırılır.
XQ