Baş prokuror BMT Baş Katibinin müavini ilə görüşüb

post-img

Vyanada işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyev ilə BMT Baş Katibinin müavini,  Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib.

Baş prokurorluqdan XQ-yə bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud olan yüksək səviyyəli münasibətlər və hüquq-mühafizə orqanlarımızla BMTNCİ arasında formalaşmış səmərəli əməkdaşlıq xüsusi məmnunluqla qeyd edilib. Bildirilib ki, son bir ildə Bakıda və Vyanada təşkil olunmuş birgə sessiyalar bu tərəfdaşlığın möhkəmlənməsinə, eyni zamanda cinayətkarlığa qarşı mübarizədə yeni yanaşmalar və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verib.

Qada Vali, BMT-nin qlobal antikorrupsiya platforması olan GLOBE şəbəkəsinin 6-cı plenar iclasının Bakıda yüksək səviyyədə təşkili münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib. O, tədbirin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ümumilikdə dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Baş prokuror öz növbəsində GLOBE şəbəkəsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan beynəlxalq platforma olduğunu qeyd edərək bildirib ki, bu təşəbbüs ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsindəki mövqeyinin gücləndirilməsi baxımından mühüm vasitədir. O əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin plenar iclasın iştirakçılarına ünvanladığı müraciətdə ifadə olunduğu kimi, bu tədbir hökumət və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə, həmçinin qlobal əhəmiyyət kəsb edən mühüm təşəbbüslər, o cümlədən Orta Dəhliz boyunca hüquq-mühafizə əməkdaşlığının gücləndirilməsi və cinayətkarlığa qarşı regional səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə Dövlətlərarası Əməkdaşlıq Şəbəkəsi (CASC) çərçivəsində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ərəfəsində ətraf mühitin mühafizəsi, ekoloji cinayətlərə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin mümkünlüyünü müzakirə ediblər.

Sonda, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret fəaliyyət planlarının hazırlanması istiqamətində razılıq ifadə olunub.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli də iştirak edib.

Sosial həyat