Sahibkarlığın uğurları

post-img

Dünən Naxçıvanda “Konstitusiya və Suverenlik İli” və Sahibkarlar Gününə həsr olunmuş “Konstitusiya və suverenlik – Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda dəyirmi masa müzakirəsi keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli məclisdə çıxış edərək qeyd edib ki, 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan olunması dövlət müstəqilliyinin, siyasi sabitliyin və iqtisadi təhlükəsizliyin bir daha prioritet elan edilməsi, güclü iqtisadi baza üzərində qurulan müasir Azərbaycan modelinin davamlı inkişafına mesajdır. Bu modelin əsas sütunlarından biri isə sahibkarlıqdır.

Fuad Nəcəfli bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” blokada şəraitində iqtisadi fəallığın yüksəldilməsi, sahibkarlığın genişlənməsi və əhalinin rifahının artırılması istiqamətində mühüm yol xəritəsi olub. Dövlət proqramı çərçivəsində Naxçıvan Sənaye Parkının yaradılması, yeni nəqliyyat infrastrukturlarının formalaşdırılması, turizm, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafı istiqamətində əhəmiyyətli işlər görülməkdədir. O, yaradılan imkanlardan bacarıqla istifadə edərək yerli və regional iqtisadiyyatda özəl sektorun payını artırmaqda, yeni iş yerləri açtmaqda və əhalinin rifahını yüksəltməkdə sahibkarlara uğurlar arzu edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, iqtisadiyyat nazirinin müavini Abbas İsmayılov, Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov, sahibkarlardan Teymur Rzayev və Əfqan İsmayılov muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində atılan addımların bəhrələrindən bəhs ediblər, qarşıda duran hədəflərdən danışıblar.

Sahibkarlar Gününə həsr olunmuş filmin nümayişindən sonra investorlar üçün nəzərdə tutulmuş “İnvest in Nakhchivan” adlı təşviqat xarakterli veb səhifəsinin təqdimatı olub.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

 

Sosial həyat