Aprelin 30-u Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlər başa çatıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təlimin yekununda qeyd edib ki, informasiya sabitliyinin təmin olunması, dezinformasiyanın qarşısının alınması və ictimai marağın düzgün istiqamətləndirilməsi kommunikasiyaya məsul şəxslərin əsas prioritetlərindəndir. O vurğulayıb ki, dövlət qurumlarının media ilə konstruktiv əməkdaşlığı, məlumatların ictimaiyyətə operativ, dolğun şəkildə çatdırılması qarşılıqlı etimadın qurulmasında vacib komponentlərdəndir.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov çıxışında bildirib ki, mətbuat xidmətlərinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə təşkil olunan təlimlərin proqramı peşəkar mətbuat ofisinin yaradılması, jurnalistlərdən gələn sorğuların effektiv cavablandırılması və onların suallarına vaxtında, dəqiq cavablar verilməsi kimi vacib aspektləri əhatə edir. Universitetin professoru, İnkişaf və Diplomatiya İnstitutunun Siyasi Araşdırmalar, Təhlillər və Nəşrlər üzrə direktoru Damyan Krineviç strateji kommunikasiya, böhran halları və reputasiya məsələlərinə dair çıxış edərək ictimaiyyətlə əlaqələrə məsul şəxslərlə faydalı müzakirələr aparıb.
Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.
XQ