Qürurverici haldır ki, akademik Zərifə Əliyeva kimi dəyərli şəxsiyyətin xatirəsi Azərbaycan ilə yanaşı, Ukraynada da böyük ehtiramla yad olunur. Zərifə Əliyeva əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasnda İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı “Linqvist” liseyinin direktoru Valentina Antonenko deyib.
“Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, dünya şöhrətli siyasi xadim, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı, İlham Əliyev kimi mütərəqqi dövlət başçısının anası olub. Müharibədən ciddi ziyan görmüş məktəbimiz məhz Prezident İlham Əliyevin tapşırığı ilə bərpa edildi. Akademik Zərifə Əliyevanın adını daşıyan məktəbdə yüksək təhsil üçün bütün şərait yaradılıb”, - deyə Valentina Antonenko əlavə edib.
Direktor bildirib ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olub: “Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır”.