Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və bu elm ocağının YAP ərazi partiya təşkilatı tərəfindən “Yeni eraya addım: Azərbaycanın süni intellekt strategiyası: 2025 – 2028” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev toplantının müasir dünyanın, xüsusilə, Azərbaycan kimi sürətli inkişaf yolunu seçmiş ölkələrin qarşısında duran ən aktual məsələlərdən olan süni intellekt və onun tətbiqi sahələrinə həsr olunduğunu bildirib.
Tədbirdə AMEA-nın Gəncə Bölməsi YAP Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli elmi-texniki tərəqqi və müasir dövdrə, xüsusilə, aktual olan süni intellekt məsələlərinə dair ölkə Prezidentinin qərar və sərəncamlarının mahiyyəti haqqında danışıb.
Müzakirələrdə bölmənin elmi işlər üzrə sədr müavini Əlimuxtar Muxtarov “Prezident İlham Əliyevin süni intellekt strategiyası”, Elektron Xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev “Azərbaycanda süni intellekt. Dövlətin rəqəmsal gələcəyi”, Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri Ruziyə Quliyeva “Milli-mənəvi dəyərlərin qorunmasında süni intellektin rolu”, bölmənin Elmi Kitabxanasının müdiri Vüsalə Hüseynova “Süni intellekt və elmi məlumatlar (kitabxana, kitablar və jurnallar)”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Süni intellekt: yaradıcılıqmı, yoxsa saxtakarlıqmı?”, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçisi İlahə Əsədzadə “Tarixi araşdırmalarda süni intellektin rolu” və Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Nigar Verdiyeva “Süni intellektlə insanlığın sərhədində” adlı məruzələrlə çıxış ediblər.
Dəyirmi masa iştirakçıları öz sual və təkliflərini səsləndiriblər.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri