Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında və tam icrasını təmin etmək məqsədilə profilaktik tədbirlər həyata keçirir. Nazirliyin 2025-ci il üçün İş Planına uyğun olaraq, aidiyyəti qurumlara köməklik göstərilir və icradan yayınma hallarının qarşısının alınması məqsədilə maarifləndirici görüşlər təşkil olunur.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Xalq qəzeti”nə verilən məlumata görə, aprelin 23-də nazirliyin İstintaq bölməsi və İcra və Probasiya Xidməti tərəfindən Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan aliment və pul tələbi ilə bağlı icra sənədləri üzrə borclularla, habelə probasiya nəzarətində olan məhkumlarla görüş keçirilib. Tədbirdə İstintaq Bölməsinin rəisi Asət Mirzəyev 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamını iştirakçılara xatırladıb. O, həmçinin borclu və məhkumların hüquqları, öhdəlikləri və qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməməyə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə məlumat verib.
Daha sonra İcra və Probasiya Xidmətinin rəis müavini, icra şöbəsinin rəisi Rahib Səfərov çıxış edərək, məhkəmə qərarlarının icrasının daim diqqətdə saxlanıldığını və icradan yayınan borclularla mütəmadi olaraq profilaktiki söhbətlər aparıldığını vurğulayıb. O bildirib ki, tədbirlərin əsas məqsədi məhkəmə və digər orqanların qərarlarının icrasının vaxtında təmin olunması, icra məmurunun qanuni tələblərini yerinə yetirməyən borclu və məhkumların məsuliyyətə cəlb edilməsi və vətəndaşların hüquqlarının qorunmasıdır.
Tədbirin sonunda borclu şəxslər dinlənilib və onların sualları cavablandırılıb.